OPEC-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) çıxmasını qlobal neft bazarı üçün nəzərəçarpan, lakin kritik olmayan hadisə kimi qiymətləndirmək olar.
BƏƏ artıq bu gün əhəmiyyətli ehtiyat hasilat gücünə malikdir və nəzəri olaraq kvota sistemindən kənarda daha sürətlə hasilatı artıra bilər.
Lakin ixracın real artırılması potensialı həm yataqların texniki xüsusiyyətləri, həm də resursların uzunmüddətli idarəetmə strategiyası ilə məhdudlaşır. Əsas məsələ hasilatı artırmaq imkanından çox, bunun nə dərəcədə məqsədəuyğun olmasıdır.
BƏƏ ənənəvi olaraq qiymət müharibəsindən çox, gəlirlərin optimallaşdırılmasına yönəlmiş balanslı siyasət yürüdür.
BƏƏ tərəfindən təklifin artırılması çox qısa müddətdə neft qiymətlərinə təzyiq göstərə bilər, lakin digər iri istehsalçıların dəstəyi olmadan bu təsirin davamlı olması mümkün deyil.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, BƏƏ-nin bazara çıxartmaq istədiyi əlavə neft həcmləri (nəzəri baxımdan 1 mln barel, praktik olaraq bunun yarısı qədər) gündə 100 milyon bareli aşan qlobal tələbat fonunda həlledici deyil.
Beləliklə, OPEC-dən çıxış qiymətlərin kəskin enməsi üçün alətə çevrilməyəcək.
Daha çox bu addım BƏƏ-nin enerji siyasətində çevikliyini və bazardakı danışıqlar mövqelərini gücləndirəcək.
Uzunmüddətli perspektivdə isə Əmirliklər bazar payının artırılması ilə rahat qiymət səviyyəsinin qorunması arasında balans axtaracaq.
Bəs BƏƏ niyə bu addımı atdı? Düşünürəm ki, burada siyasi-iqtisadi faktorlar var. Birincisi, BƏƏ ilə Səudiyyə Ərəbistanı (OPEC-də birinci skripka rolunda çıxış edən ölkə) arasında siyasi gərginlik var və rəsmi Abu-Dabi Ər-Riadın arzusuna uyğun öz siyasətini uzlaşdırmağa meylli deyil. İkincisi, İran müharibəsi-2 bu günə qədər BƏƏ iqtisadiyyatına kifayət qədər ziyan vurub və onu qarşılamaq üçün OPEC kvotaları ilə özünü limitmələyə hansısa əsas görmür.
İlham Şabah
visiontv.az