Ad günümdə istədim 54 illik ömrümün qısa xülasəsini sizə təqdim edim. İlk dəfədir bunu edirəm. Bilmirəm niyə.
Bu gün ad günümdür. Amma mən heç vaxt bu günü tort üstündəki şamların sayı kimi qeyd etmək istəmədim. Və çox vaxt etmədim də. Mənim üçün ad günü ayaq izlərimi geriyə dönüb saydığım gündür. Mənim uşaqlığım Ermənistanda, Qərbi Azərbaycanda yarımçıq qaldı.
1988-ci il... Uşaqlığım elə həmən il bitdi. Biz ermənilərin əlindən yanımda kiçik qardaşım və bacım əvvəl yük maşınında nəfəsimizi içimizdə saxlayıb, görməsinlər deyə Qanlıdan Göyçənin dağ kəndinə Kəsəmənə babamgilə gəldik. Ordan vertolyotla Gədəbəyə, ordan Gəncəyə, Daşkəsənə, Bakıya və nəhayət Sumqayıta - xalamgilə gəlib çıxdıq. 3-4 ay ata-anamın üzünü görmədim. Onlar orada, Qanlıda qalmışdılar. O günlər mən böyüdüm. Uşaqlığım Ermənistan dağlarında donub qaldı deyə.
Sonra Sumqayıt... Yad şəhərdə orta məktəb. Yad sinifdə "qaçqın uşaq" damğası. Amma mən oxudum.
Universitet... Və növbəti faciələr. 20 Yanvar gecəsi... Sovet tanklarının tırtılları altında əzilən Bakı. Mən də oradaydım. Qan iyi gələn küçələrdə. Qərənfillərin tank lüləsinə taxıldığı, amma tankların yenə də üstümüzə gəldiyi gecədə. O gecə mən jurnalist olmağa qərar verdim. Sonra Qarabağ... Tələbə idim, gecələr oxuyur, səhərlər isə AzTV-də, radioda Hərbi redaksiyada redaktor işləyirdim. Əlimdə mikrofon reportajlar hazırlayırdım. Hər reportajda, hər şəhid xəbərində, hər məğlubiyyətdə uşaqlıqda gizləndiyim maşının döşəməsini xatırlayırdım.
Ölkə xaos içində idi. Qardaş qardaşı vururdu. Küçələrdə hakimiyyət davası, cəbhədə torpaq itkisi. Və nəhayət Ulu Öndərin qayıdışı... Müharibə müvəqqəti dayandı, xaos bitdi. Dövlət qurulmağa başladı. Mən də o dövlətin quruculuğunda bir jurnalist kimi işlədim.
AzTV, Space TV... Gecə-gündüz montaj otaqları. Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Sərhəd Qoşunları üçün sənədli filmlər. 1997-2000-ci illərdə hamının baxdığı "P.S." və "Hərb və sülh" verilişləri, " Hər həftə" analitik proqramda siyasi şərhçi, "Heydər Əliyev və generallar" adlı 3 hissəli sənədli film, mənim keçirdiyim gecələrin məhsulu oldu.
2003-cü il... Yenə tarix sınağa çəkdi. İlham Əliyevin hakimiyyətə gəlişi... Ölkədə yenə xaos yaratmaq cəhdləri, qarşıdurmalar... Yenə məqalələr, verilişlər...
Sonra... Sonra həyatın problemli günləri. Ramiz Mehdiyev kimi kabinetlərdə oturub özünü dövlətdən böyük sayan yarıtmaz məmurların təzyiqi. Məni efirdən, TV-dən məcbur uzaqlaşdım. Kinostudiyada filmlərin ştatdan kənar piar ilə məşğul oldum, özəl klinikada mətbuat xidmətindı işlədim və sair. Sən illərlə dövlət üçün işlə, bir məmur gəlib sənin səsini kəssin. Sonra visiontv adlı internet televiziya yaratdıq. Kiçik bir otaqda, böyük ümidlərlə. Bu gün həm də oranın baş redaktoru işləyirəm. Çünki jurnalistika kreslo deyil, vicdandır. Kreslonu əlinizdən alarlar, vicdanı yox.
Sonra mediada islahatlar, yeni vitrin, yeni ümidlər, yeni çağrışlar...
Və 2020... 32 il gözlədiyim an. 44 günlük Vətən Müharibəsi. O maşının döşəməsində gizlənən uşaq, 32 il sonra qalib ordunun zəfərini efirdə danışırdı, saytlarda məqalələrlə öz sevincini ifadə edirdi. Böyük Qələbənin şahidi və iştirakçısı olmaq Allahın mənə verdiyi ən böyük mükafat oldu. O gün Ermənistanda qalan uşaqlığımın qisasını aldıq.
Bu gün Real TV-də siyasi, analitik şərhlər hazırlayıram, GünAz TV-də veriliş aparıram. Hələ də eyni həvəslə.
Bu gün ad günümdür. Mən 50-ni keçmişəm, amma hələ də o maşının döşəməsindəki uşaq kimiyəm. Hələ də 20 Yanvar gecəsindəki tələbəyəm. Hələ də cəbhədən reportaj hazırlayan gənc jurnalistəm.
Mənim həyatım bir insanın həyatı deyil. Mənim həyatım bu millətin son 35 ilinin tarixi qədərdir. Qaçqınlıq, qırğın, xaos, dövlət quruculuğu, sürgün və Zəfər.
Mən heç nəyə peşman deyiləm. Nə çəkdiyim əzaba, nə qaçqınlıq illərinə, nə də efirdən uzaq düşdüyüm günlərə. Çünki sonda bayrağımız Xankəndidə dalğalanır.
Ad günündə insana hədiyyə verərlər. Mənim hədiyyəm artıq verilib, bütöv Azərbaycan.
Bu yolda yanımda olan, məni oxuyan, dinləyən, söyən də, sevən də hər kəsə təşəkkür edirəm.
Mən hələ buradayam. Qələmim hələ əlimdədir. Və dövlətim üçün mübarizəm bitməyib.
Şöhrət El-Dəniz
visiontv.az