Son dövrlər Azərbaycan ictimai-siyasi gündəmində ABŞ–Azərbaycan yaxınlaşması və Donald Tramp-İlham Əliyev tandemi xüsusi yer tutur. Bu yaxınlaşma bəzən emosional ritorika ilə təqdim olunur, bəzən isə sadəcə daxili siyasi təbliğat kimi qiymətləndirilir. Amma məsələni bu qədər sadələşdirmək təhlükəlidir. Çünki Qərb mediasının dili göstərir ki, söhbət şəxsi simpatiyadan yox, regional güc balansının dəyişməsindən gedir.
Bu kontekstdə əsas sual budur: ABŞ-Azərbaycan yaxınlaşması nəyi dəyişir, kimləri narahat edir və ən əsası, İran daxilində mümkün siyasi transformasiyalar fonunda Cənubi Azərbaycan üçün hansı real nəticələr doğura bilər?
Sülh yox, normallaşma mexanizmi
Qərb mediası Tramp administrasiyasının Azərbaycan–Ermənistan xəttində fəallaşmasını sentimental “sülh hekayəsi” kimi deyil, strukturlaşmış normallaşma prosesi kimi göstərir. Reuters bu prosesi belə xarakterizə edir: “The deal between the South Caucasus rivals would boost bilateral economic ties after decades of conflict and move them toward full normalization of relations.” Yəni Cənubi Qafqazdakı rəqiblər arasında razılaşma onilliklərdir davam edən münaqişədən sonra iqtisadi əlaqələri gücləndirəcək və münasibətləri tam normallaşmaya doğru aparacaq.
Burada açar anlayış “full normalization”dır. Qərb üçün əsas məqsəd emosional barış deyil, münaqişə yaradan strukturun sökülməsi və onun yerinə iqtisadi-siyasi inteqrasiyanın qurulmasıdır.
Time jurnalı isə prosesi daha açıq ifadə edir: “This move weakens Russian and Iranian influence in the South Caucasus.” Yəni bu addım Cənubi Qafqazda Rusiya və İranın təsirini zəiflədir. Bu cümlə bütün prosesin mahiyyətini açır: ABŞ-Azərbaycan yaxınlaşması Bakı üçün diplomatik qazanc ola bilər, Vaşinqton üçün isə bu, Rusiya və İran təsirinin daraldılması layihəsidir.
İranın reaksiyası: ritorika yox, strateji qorxu
Tehran bu prosesi sakit qarşılamadı. İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Velayati Reuters-ə verdiyi açıqlamada belə dedi: “This corridor will not become a passage owned by Trump, but rather a graveyard for Trump’s mercenaries.” (Bu dəhliz Trampın mülkiyyəti olan keçidə çevrilməyəcək, əksinə Trampın muzdlu qüvvələri üçün qəbiristanlıq olacaq.)
Bu ifadə emosional görünə bilər, amma mahiyyət etibarilə İranın əsas qorxusunu açıq göstərir: ABŞ-ın İranın şimal sərhədlərinə yaxınlaşması və bu yaxınlaşmanın Ermənistan+Azərbaycan üzərindən həyata keçməsi. Bu, sadəcə təhdid deyil, Tehranın Cənubi Qafqazda nəzarəti itirmək qorxusunun etirafıdır.
Post-Xamneyi dövr və Pəzeşkiyan ssenarisi
İran daxilində artıq post-Xamneyi dövrü açıq şəkildə müzakirə olunur. Bu müzakirələrdə adı çəkilən fiqurlardan biri də Məsud Pəzeşkiyandır. O, Qərblə anlaşma tərəfdarı kimi tanınır və Tehran elitası daxilində praqmatik qanadı təmsil edir.
Əgər Qərb, o cümlədən ABŞ, İran daxilində ideoloji sərt xəttin zəifləməsində maraqlı olarsa, xalq tərəfindən prezident seçilmiş Pəzeşkiyan kompromis variant kimi gündəmə gələ bilər. Bu isə belə bir sualı doğurur: Azərbaycan bu prosesdə rol oynaya bilərmi?
Azərbaycan nə ABŞ-ın yerinə danışa, nə də İranın daxili siyasətini müəyyən edə bilər. Amma Bakı vasitəçi, stabilizator və regional balans elementi rolunu oynaya bilər. Bu rol isə xüsusilə İranın şimalında-Cənubi Azərbaycanda-baş verə biləcək proseslər üçün həyati əhəmiyyət daşıyır.
Əsas məsələ: Cənubi Azərbaycan
Əgər İran Yuqoslaviya tipli parçalanma və ya dərin sistem böhranı yaşasa, Cənubi Azərbaycan üçün risklər çoxdur: silahlı qrupların fəallaşması, SEPAH-ın regional özbaşınalığı, etnik gərginlik və humanitar xaos.
Bu nöqtədə ABŞ–Azərbaycan yaxınlaşması Cənubi Azərbaycan üçün avtomatik müstəqillik demək deyil. Amma bu yaxınlaşma xaosun dərinləşməməsi üçün diplomatik və siyasi bufer rolunu oynaya bilər. Güclü Bakı və Vaşinqtonla koordinasiya Cənubi Azərbaycanın tamamilə sahibsiz qalmasının qarşısını ala bilər. Bu, romantik ideya yox, soyuq geopolitik hesablama məsələsidir.
Azərbaycan artıq tək deyil
İranın əsas qorxusu da məhz buradadır. Azərbaycan uzun illər regionda tək idi. Bu dövr bitib.
Bir tərəfdə Türkiyə var-NATO üzvü, bölgədə real hərbi güc, Suriyada, İraqda və Qafqazda oyunun qaydalarını dəyişmiş aktor. Ankara üçün Azərbaycan artıq sadəcə “qardaş ölkə” yox, birgə təhlükəsizlik məkanıdır.
İkinci amil Pakistan faktorudur. Nüvə silahına sahib, Hindistanla açıq müharibə yaşamış bu ölkə Azərbaycan–Türkiyə xəttinə real strateji dərinlik qatır.
Üçüncü amil İsraildir. Azərbaycan–İsrail münasibətləri səssiz, amma dərin təhlükəsizlik xarakteri daşıyır. İran üçün bu xətt qırmızı xətdir.
Dördüncü faktor Böyük Britaniyadır. London Azərbaycanı təkcə enerji tərəfdaşı kimi yox, Rusiya və İran arasında balans elementi kimi görür.
Və bütün bu amillərin üzərində ABŞ dayanır. ABŞ üçün Azərbaycan artıq periferiya dövləti deyil, Rusiya və İran təsirini daraldan funksional tərəfdaşdır.
Tarixi presedent və nəticə
Tarixdə ABŞ-la müttəfiqliyin parçalanmış cəmiyyətlərin taleyinə təsir etdiyi nümunə var: Almaniyanın birləşməsi. Burada əsas faktor hərbi ekspansiya yox, siyasi, iqtisadi və institusional üstünlük idi.
Cənubi Azərbaycan üçün ssenari fərqlidir, amma prinsip eynidir: beynəlxalq dayağı olan tərəf xaosdan daha az zərər görür.
Bu gün Cənubi Azərbaycan məsələsi İran üçün real təhlükə deyil. Amma potensialdır. Geopolitikada isə potensial çox vaxt reallıqdan daha qorxuludur...
Elbəyi Həsənli. Sürix
visiontv.az