"Bunları reallaşdırmaq üçün sadəcə bir istək yetər..."
"Bunları reallaşdırmaq üçün sadəcə bir istək yetər..."
07.09.2022 MEDİA Tərəfindən

Bu günə qədər müxtəlif vaxtlarda beynəlxalq təşkilatlar Bakıda ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı bir neçə layihəni həyata keçirmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq ediblər. Mövzumuz nəqliyyatla bağlıdır.

Mövzu ətrafında Visiontv.az saytının müsahibi nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovdur.

Eldəniz müəllim! Sizcə Bakı şəhərinin və eləcədə ölkəmizin digər iri şəhərlərində nəqliyyat problemlərinin həlli yolları nələrdi?

Bu məsələnin həlli yollarının bir neçə istiqaməti var. İlk növbədə bu sahədə idarəetmə təkmilləşdirilməlidir. Daha sonra müasir və innovativ metodlar tətbiq edilməlidir. Daha sonra yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyəti barədə təbliğat və təşviqatın düzgün şəkildə aparılması əsas şərtlərdən biridir. Bütün bunları reallaşdırmaq üçün sadəcə bir istək yetər. Çünki bu problemləri həll etmək üçün konkret yol xəritələri mövcuddur.

Həmin yol xətirələrini nümunə göstərmək olarmı?

Bəli olar. Bununla bağlı ölkə prezidentinin 27 dekabr 2018 – ci ildə imzaladığı  Azərbaycan Respublikasında Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını misal çəkə bilərik. Beləki bu dövlət proqramında hər şey açıq – aydın göstərilib. Bu bir yol xəritəsidir.  Bu dövlət proqramında konkret olaraq bir sıra dövlət qurumları qarşısında vəzifələr qoyulub. Bir sözlə ölkəmizdə nəqliyyatla bağlı bütün problemlərin həlli yolları göstərilib.

Bəs indiyə kimi həmin dövlət proqramına daxil olan müddəalardan reallaşanlar olubmu?

Bəli, müəyyən müddəalar dövlət qurumları tərəfindən həyata keçirilib. Amma bu icra olunan işlərin çoxu keyfiyyətsiz və qeyri – kafidir. Ona görə də bu gün Azərbaycanda və xüsusən də Bakı şəhərində nəqliyyat problemi, yol hərəkətinin təhlükəsizliyi məsələləri hələ də öz həllini tapmayıb.

Dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tramvayların və yerüstü metroların olduğu məlumdur. Bəs paytaxtımızın nəqliyyat sisteminin daha yaxşı vəziyyətə gətirmək üçün nə etmək mümkündür?

Haqlısınız. Bu gün nəinki inkişaf etmiş ölkələrdə hətta Azərbaycanla eyni vəziyyətdə olan ölkələrdə şəhərdaxili və ictimai nəqliyyat yüksək səviyyədə inkişaf edib.  Məlumdur ki, nəqliyyat sistemi çoxşaxəlidir. Bakıda isə şahid oluruq ki, ictiami nəqliyyat yalnız avtobus və metrodan ibarətdir. Nəzərə alsaq ki, paytaxtımızda taksi xidməti olmasa vətəndaşlar daha çox əziyyət çəkə bilərlər. İctimai nəqliyyatda problemlər çoxdur. Misal üçün Bakıkartına balans artırmaq üçün dayanacaqlardakı terminallar ləğv edilib. Belə olan halda isə biz nəqliyyatdakı tıxac problemlərindən qurtula bilmərik.

Fikrinizcə Bakıda ictimai nəqliyyat sistemini yaxşılaşdırmaq üçün nə etmək olar?

Düşünürəm ki, Bakıda nəqliyyat sistemini yaxşılaşdırmaq üçün ətrafı ərazilərdə tramvay xətlərinin çəkilməsi münasib ola bilər. Lakin şəhərin mərkəzində hal – hazırda bunu etmək çox çətindir. Üstəlik xərclənən yüskək maddi məbləğlər də rentabelli olmayacaq.

Şəhərin hansı ərazilərində tramvay xətlərinin çəkilişi mümkündür?

Misal üçün Biləcəri, Əhmədli, Badamdar və Bayıl ərazilərində tramvay xətlərinin çəkilişi və istifadəsi effektiv ola bilər. Bakı metropoliteninin də stansiyalarının sayı artırıla bilər. Daha yaxşı olardı ki, yürüstü metro xətlərinin də şahidi olaq. Bu gün Bakı şəhərindəki nəqliyyat probleminin başlıca həll yolu marşuta buraxılan avtobusların sayının artırılmasıdır. Daha bir məsələ də var.  Bu Bakı şəhərində velosiped yollarının çəkilişi ilə bağlı idi.  Əfsuslar olsun ki, bu layihə də qeyri – peşəkar şəkildə həyat keçirildi. Beləliklə nəqliyyat problemlərini həll etmək üçün həll yolları mövcuddur. Mərhələli şəkildə bunu icra etmək mümkündür. Sadəcə olaraq sərəncam və qərarlara diqqətlə baxmaq və onlara lazımı şəkildə riayət etmək kifayətdir.

Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm. Sağ olun!

Mən də sizə və Visiontv.az saytına uğurlar arzu edirəm.

Söhbətləşdi : Bünyamin Bünyadzadə

Visiontv.az