“Böyük Azərbaycan naminə Əziz Əliyev” - Erməni-daşnak qruplarına qarşı MÜBARİZƏ
02.08.2024

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Azərbaycan tarixində görkəmli iz qoymuş, dövlət və partiya xadimi, diplomat, tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi, ölkəsinin və xalqının vətənpərvər övladı Əziz Əliyevin ictimai və siyasi fəaliyyətinə həsr olunan “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı işıq üzü görüb. Medianews.az müəllifin icazəsi ilə “Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabından müəyyən hissələri oxucularla bölüşür.

…Yemelyanovun M.C.Bağırova verdiyi məlumatla tanışlıqdan sonra bir daha aydın olur ki, Təbrizdə baş verən bütün proseslərə Bakıdan bir başa rəhbərlik edilirdi.

ARPİİİSSA F № 1, siy. № 89, iş № 97

AZƏRBAYCAN K(b)P MK-nın KATİBİ

BAĞIROV yoldaşa

“İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında” məruzənin layihəsini Sizə göndərirəm.

Əlavə: 2 nüsxə

AZƏRB.SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK XALQ

KOMİSSARI GENERAL-MAYOR (YEMELYANOV)

Bakı şəhəri, 20 dekabr 1945-ci il

Tam məxfi

İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında

Azərbaycan demokratik partiyasının təşkili və noyabr ayının sonuna onun tərkibi

Son illər İran Azərbaycanında demokratik qüvvələrin fəallığı əhəmiyyətli dərəcədə artır və milli azadlıq hərəkatının genişləndirilməsi zərurəti yaranırdı.

Mövcud siyasi vəziyyətdə fəaliyyətdə olan İran Xalq Partiyası “Tudə” qarşısına xalqın milli azadlıq hərəkatının inkişafı vəzifəsini qoymur və hazırkı mərhələdə öz proqramında İran Azərbaycanı əhalisinin geniş demokratik təbəqələrinin maraqlarını tamamilə əks etdirmirdi.

Bundan başqa, Xalq Partiyasının təmənnalı məqsədlər güdən və daha çox özünün şəxsi rifahı haqqında düşünən bir sıra üzvlərinin davranışı, həmçinin Xalq Partiyasının bəzi rəhbər işçilərinin (Ərdəşir Ovanesyan, Əmirxizi və s.) qarət və talanlara rəvac verən fitnəkar çıxışları əhalinin gözündə onun yerli orqanlarının nüfuzunu əhəmiyyətli dərəcədə aşağı saldı.

Beləliklə, milli azadlıq hərəkatına rəhbərlik etmək və bunun üçün İran Azərbaycanının bütün demokratik qüvvələrini birləşdirmək iqtidarında olan yeni siyasi partiyanın yaradılması zərurəti açıq-aydın hiss olunurdu.

Bizim direktiv orqanlarımızın bu məsələ ilə qərarına uyğun olaraq, bir sıra nüfuzlu şəxslər Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması üçün İrandan Bakıya çağrıldı. Müvafiq söhbətlərdən sonra yeni yaradılmış Azərbaycan Demokrat Partiyasına rəhbərlik demokratik dairələr arasında nüfuz sahibi olan görkəmli azərbaycanlılardan birinə – Seyid Cəfər Pişəvəriyə tapşırıldı.

Pişəvəri tərəfindən yaradılmış təşkilat bürosu sentyabrın 3-də partiyanın qurulması, onun məqsəd və vəzifələri haqqında İran Azərbaycanı əhalisinə müraciət etdi. Müraciət İran Azərbaycanı əyalətlərinin əksəriyyətini və əhalinin bütün təbəqələrini təmsil edən demokratik ruhlu görkəmli insanlar tərəfindən imzalanmışdı.

ADP-nin proqram tələbləri və milli azadlıq hərəkatı ilə bağlı məqsədləri geniş əhali kütlələri tərəfindən böyük rəğbət və fəal dəstəklə qarşılandı. İran Azərbaycanının bütün bölgə və şəhərlərindən əhalinin nüfuzlu, demokratik ruhlu nümayəndələri tərəfindən müraciətə qoşulmaqla bağlı teleqram və qətnamələr daxil oldu.

ADP-nin yaradılması ideyası həmçinin Xalq Partiyası üzvlərinin əsas kütləsi və Təbriz vilayət komitəsi tərəfindən də dəstəkləndi. Bu istiqamətdə həyata keçirilmiş müvafiq iş nəticəsində 6-7.09.45-ci il tarixdə Xalq Partiyasının vilayət konfransında Azərbaycan Demokrat Partiyasının müraciətinin hərtərəfli və fəal müzakirəsindən sonra böyük səs çoxluğu ilə vilayət təşkilatının Xalq Partiyası MK-dan ayrılması və ADP-yə birləşməsi haqqında qərar qəbul olundu.

Digər tərəfdən, təşkilat komitəsi tərəfindən partiya sıralarına üzvlərin cəlb olunması və Azərbaycan Demokrat Partiyasının təsis qurultayına hazırlığın həyata keçirilməsi üzrə ciddi və böyük təşkilatı-siyasi iş aparıldı.

1945-ci il oktyabrın 8-də Təbrizdə 237 həlledici və 4 məşvərətçi səs hüququna malik nümayəndənin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı keçirildi: qurultayda həmçinin 17 qonaq, o cümlədən, vali vəzifələrinin icraçısı, şəhərin başçısı, yerli polisin rəisi, maliyyə-iqtisad müdiri və b. iştirak edirdi.

3 gün ərzində qurultay iki məsələni müzakirə etdi və onlar barəsində qərar qəbul etdi:

  1. Partiyanın proqram və nizamnaməsinin təsdiq olunması.
  2. Rəhbər orqanların seçilməsi.

Qurultay müəyyən əlavələr etməklə partiyanın proqram və nizamnaməsini yekdilliklə təsdiqlədi, o cümlədən, qurultay proqrama aşağıdakı maddələri əlavə etdi:

  1. a) böyük kapitalla Milli Bankın yaradılması haqqında.
  2. b) gənclərin Gənclər Təşkilatına cəlb olunması və bu təşkilatın ADP-yə tabe olması haqqında.
  3. c) Qadınlar Təşkilatının yaradılması haqqında.
  4. d) bütün partiya kargüzarlığının yerli Azərbaycan dilində aparılmasının zəruriliyi haqqında.

Qurultay 41 nəfərdən ibarət Mərkəzi Komitə (Plenum) və 12 nəfərdən ibarət təftiş komissiyası seçdi. (Adbaad siyahı əlavə olunur. Bax: qoşma № 1).

Sosial mənşəyinə görə, Azərbaycan Demokrat Partiyasının rəhbər orqanlarının tərkibi belədir:

Peşəkar partiya işçiləri -10 nəfər

Fəhlələr – 4 nəfər

Qulluqçular – 7 nəfər

Sənətkarlar – 1 nəfər

Ziyalılar – 11nəfər

Xırda mülkədar və xanlar – 10 nəfər

Tacirlər – 4 nəfər

Xırda fabrik sahibləri – 2 nəfər

MK (Plenum) öz tərkibindən Rəyasət Heyəti (büro) seçib ki, bura da aşağıdakı şəxslər daxildir:

1.Pişəvəri Seyid Cəfər – sədr

2.Rəfii Nizam Dövlə – müavin

  1. Padeqan Sadıq – müavin
  2. Şəbüstəri Hacı Mirzə Əli -üzv
  3. Salamulla Cavid – üzv
  4. Zəfiri Həsən – üzv
  5. Maşınçı Əli – üzv
  6. Fərşçi Qulam Hüseyn – üzv
  7. Cəfər Ədib – üzv

Rəyasət Heyəti (büro) üzvlüyünə namizəd seçilmişlər:

  1. Birənq Həsən
  2. Cövdət Həsən

Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı tam həmrəyliklə yüksək siyasi səviyyədə keçdi. Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan əvvəl qurultay ayrı-ayrı əyalət və şəhər nümayəndə heyətləri  rəhbərlərinin, həmçinin ermənilər, kürdlər və aysorların nymayəndələrinin çıxışlarını dinlədi. Natiqlər məqsəd və vəzifələri Azərbaycan xalqının köklü milli maraqlarını əks etdirən Azərbaycan Demokrat Partiyasını təbrik etdilər. Ərdəbil nümayəndəsi Cövdət demişdi: “…Azərbaycan xalqının siyasi və iqtisadi hüquqlarının pozulmasına son qoyan çoxdan gözlənilən bir gün gəldi. Biz çoxdan Azərbaycan xalqının təbii hüquqlarını özünə qaytarmaq və öz işlərimizi özümüz idarə etmək arzusunda idik”.

Hazırlanmış plana görə, 14-15 dekabr 1945-ci il tarixdə Cənubi Azərbaycanda hakimiyyət Azərbaycan hökumətinin əlinə keçməlidir. Bu informasiya Yemelyanovun M.C.Bağırova göndərdiyi aşağıdakı arayışdan məlum olur.

ARPİİİSSA F № 1, siy. № 89, iş № 97

ARAYIŞ

Atakişiyev, İbrahimov və Həsənovun Təbrizdən teleqraf məlumatı əsasında dekabrın 12-də səhər Azərbaycan Məclisi açılır. Səhər iclasdan Məclisin nizamnaməsi təsdiq olunur, Məclisin Rəyasət Heyəti seçilir və Pişəvəriyə nazirlər kabinetini(höküməti) formalaşdırmaq tapşırılır.

Axşam iclasında Pişəvəri Azərbaycan hökumətinin tərkibini Məclisin təsdiqinə təqdim edir və Məclis tərəfindən təsdiq olunduqdan sonra yeni hökumətin proqramı haqqında məruzə edir.

Dekabrın 13-də səhər iclasında Pişəvərinin məruzəsi üzrə müzakirələr açılır və xalq qoşunları haqqında qanun qəbul edilir.

Axşam yeni hökumət İran hakimiyyət nümayəndələrindən öz səlahiyyətlərini dayandırmalırını tələb edir və dərhal işə başlayır.

Hakimiyyətin çox qan tökmədən yeni Azərbaycan hökumətinin əlinə keçməsi üçün bütün tədbirləri görürük.

Mümkün müqavimətin tezliklə qırılması üçün dekabrın 13-də Mərənd, Marağa, Üskü və Bostanabad rayonlarının “Fədai” dəstələri Təbrizə yaxınlaşaraq, onu hər tərəfdən əhatəyə alacaqlar.

Eyni zamanda dekabrın 13-də Azərbaycan hökumətinin yerli hakimiyyət nümayəndələri ilə öz səlahiyyətlərini dayandırmaq barədə danışıqları zamanı “Fədai” dəstələri şəhərə daxil olaraq, ən mühüm hökumət binalarını, qarnizonu və jandarmeriyanı mühasirəyə alacaqlar.

Plana görə, hakimiyyətin Azərbaycan hökumətinə keçməsi 14-15 dekabr tarixlərində başa çatmalıdır.

AZƏRB. SSR DÖVLƏT

TƏHLÜKƏSİZLİYİ XALQ KOMİSSARI

GENERAL-MAYOR (YEMELYANOV)

10 dekabr 1945-ci il

№ 2070

1945-ci il dekabrın 12-də Təbriz şəhərində azəbaycan Milli Məclisi açılır. Məclis elə həmin gün Seyid Cəfər Pişəvərini baş nazir seçir və o, da 10 nəfərdən ibarət hökumət yaradır.

Məclisi ən yaşlı deputat Nizamüddövlət Rəfii açıq elan etdi. Daha sonra səlahiyyətlər, vəzifələr, iş qaydaları, həmçinin daxili nizamnamə qəbul olundu. Ali hakimiyyət orqanı olan Milli Məclis qanun yaradıcılığı fəaliyyətini və qanunların icrasına nəzarəti həyata keçirməyə başladı. Artıq deyildiyi kimi, Milli Məclis tərəfindən ali icra orqanı – Azərbaycan Hökuməti yaradıldı. S.C.Pişəvəri baş nazir, doktor Salamulla Cavid daxili işlər naziri, Cəfər Kaviyan xalq qoşunları naziri, doktor Məhtaş kənd təsərrüfatı naziri, Məhəmməd Biriya maarif naziri, doktor Övrənci səhiyyə naziri, Qulamra İlham maliyyə naziri, Yusif Əimi ədliyyə naziri, Mirzə Rəbi Kəbiri yollar, poçt, telefon və teleqraf naziri, Zeynalabdin Qiyami Ali Məhkəmənin sədri, Firudin  İbrahimi Baş Prokuror təyin olundu.

Milli Məclis nümayəndələri Milli hökumətdən və onun ayrı-ayrı orqanlarından hesabat tələb etmək hüququna malik idilər.

Elə birinci iclasda gizli səsvermə ilə Məclisin  Rəyasət Heyəti seçildi. İki il müddətinə seçilən Rəyasət Heyəti 9 nəfərdən ibarət idi: Hacı Mirzəli Şəbüstəri – Məclis sədri, Sadıq Padeqan, Rəfii və Həsən Vilayi – sədrin müavinləri, Məhəmməd Əzimi və Muradəli Teymuri – Rəyasət Heyətinin  üzvləri. Rəyasət Heyəti Milli Məclisin razılığı ilə dövlət idarəçiliyi üzrə ən mühüm işlərin yerinə yetirilməsini həyata keçirirdi. Azərbaycan Milli Məclisi Azərbaycan xalqının hüquq və azadlıqlarını təmin etmək və onun muxtariyyətini müdafiə etməklə yanaşı, milli azlıqlara da sərbəstlik hüququ verdi.

Azərbaycan Milli Məclisi bir illik fəaliyyəti ərzində 100-dək mütərəqqi qanun və qərar qəbul etdi və bu qanunlar ardıcıl şəkildə Milli hökumət tərəfindən icra olundu. Milli Məclis tərəfindən qəbul olunmuş mühüm qanunlardan biri Məclisə qadınların da seçilə bilməsini nəzərdə tutan qanundur. (Yaxın və Orta Şərqdə ilk dəfə olaraq).

Bu ərəfələrdə erməni-daşnak qruplarına qarşı mübarizəni gücləndirmək üçün Makudakı məhsuldar fəaliyyəti nəzərə alınaraq Bağır Seyidzadə Təbrizə Baş konsulluğa işə dəvət olunur. Bağır Seyidzadənin qızı Dilarə xanım bu barədə deyir: “İrana gedəndə mənim cəmi 5 yaşım vardı, qayıdanda isə 10 yaşında idim. Atam müəyyən müddət Makuda işlədi, sonra onu Təbrizə vitse-konsul göndərdilər”.

Yeni qurulmuş Azərbaycan hökümətinin çox ciddi şəkildə təbliğatına ehtiyac duyulurdu. Həm də yerli ermənilərin Azərbaycan Demokrat  Partiyasına  münasibətləri birmənalı deyildi. İstənilən halda çox ciddi təbliğat boşluğu hiss olunurdu. Bunun öhdəsindən Əziz Əliyevin yetişdiriyi komanda çox məhsuldar formada gələ bildi. Bu komandaya kimlər daxil idi.

Azərbaycan SSR Xarici İşlər Nazirliyinin protokol konsul şöbəsinin müdiri Orucovun məxfi məktubundan (ARDA:F.28,siy.3,s.v.6,vər.47) aydın olur ki, Bağır Seyidzadə ilə  çiyin-çiyinə bir çox diplomatlarımız (ictimayyət üçün hələ də bəlli olmayan-AM) Təbrizdə çox ciddi işlər aparmışlar. Tarixi ədalət naminə  ilk dəfə  olaraq onların adlarını qeyd etmək istəyirəm: Nəsirzadə Mirəbdülhəsən Mirəbdülkərim oğlu, Nəsirzadə Fəridə Mirəbdülhəsən qızı, Məmmədova Asi Nəcəfovna, Zeynalov Ağarza Ələkbər oğlu, Zeynalova Sona Hüseynqulu qızı, Tağıyev Hüseyin Novruz oğlu, Şirinzadə Əlisəfdər Əliqulu oğlu, Şirinova Firuzə Əbülqasım qızı, Bağırov Hacıağa Hacıbaba oğlu, Bağırova Yelena Alikseyevna, Əbilov Nəriman Məcid oğlu, Əbilova Südabə İbiş qızı, İbrahimov Cəlil Abbas oğlu, Qədimov Ələkbər Hüseyn oğlu, Hacıyev Müzəffər Aslan oğlu.

Bağır Seyidzadənin qızı Dilarə Seyidzadə xatırlayır: “Təbrizdə böyük və çox nüfuzlu sovet xəstəxanası vardı, anam ginekoloq kimi orada işləyirdi. Baş həkim Səmədov idi. Elə həkimlərin hamısı azərbaycanlılar idi. Orada, həmçinin sovet məktəbi yaradılmışdı. Anam həm də həmin məktəbdə biologiyadan dərs deyirdi. Biz orada oxuyurduq. Bakıdan dəvət edilən incəsənət xadimləri və təşviqat qrupları Cənubi Azərbaycanda yaşayan xalqlar, o cümlədən də, Azərbaycan türkləri ilə görüşür və onlarda milli özünüdərk şüuru formalaşdırırdılar. İran Azərbaycanında ilk dəfə olaraq milli dil haqqında qərar qəbul olunmuşdu (6 yanvar 1946-cı il). Qərarda deyilirdi: “Bu gündən Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir”, Atam buna çox sevinirdi”.

Burada kiçik bir haşiyəyə çıxaraq onu da qeyd etmək istəyirəm ki, Dilarə xanım mənə danışırdı ki, “Ümummilli liderimiz Heydər Əliyevin başçılığı altında İrana səfər edəcək nümayəndə heyətinə daxil edilmişdim. Amma xəbər verildi ki, İran tərəfi mənim adımı siyahıdan çıxartmışdır. Səbəb də onu göstərirdilər ki, mənim atam Cənubi Azərbaycanda Pişəvəri hərəkatı zamanı diplomatik korpuslarda müəyyən fəaliyyət göstərmişdir. O baxımdan İran tərəfi məni Tehranda görmək istəmirdi. Heydər Əliyev rəhmətlik atam Bağır Seyidzadəni yaxından tanıyırdı və ona rəgbətlə yanaşırdı. Hətta atam sonralar Bakıda haqsız olaraq vəzifədən  uzaqlaşdırılandan sonra da onunla tez-tez görüşər və çox səmimi söhbətlər edərdi. Heydər Əliyev bu xəbərdən çox hiddətlənmişdi və qətiyyətli mövqe ortaya qoydu. Məsələ  kəskin şəkildə (təfərrüatın Dilarə xanımın razılığı olmadığına görə yaza bilmirəm -A.M.) qoyulduqdan sonra mənə icazə verildi. Tehranda Böyük Öndərimiz Heydər Əliyevlə İranın Ali dini lideri Seyidəli Xameneyi ilə görüşdə, o (Seyidəli Xameneyi), mənim məsələmi ona çatdırılmasından və  bu problemin birbaşa onun göstərişi ilə həll olunmasını dedi”.

Yenidən əsərimizin qəhramanının Dağıstandakı fəaliyyətinə qayıtsaq biləcəyik ki,  Əziz Əliyevin təşəbüsü ilə müharibə illərində Mahacqalada yeni elmi müəssisələr – Elmi-Tədqiqat İnstitutu, Qadın Müəllimlər İnstitutu, Qadın Pedaqoji Məktəbi açıldı. Həmin illərdə Tibb İnstitutunun, DMSSR Xalq Maarif Komissarlığı nəzdində Tarix, Dil və Ədəbiyyat İnstitutunun, pedaqoji məktəblərinin açılması barədə, Dağıstan Partiyası Bürosu tərəfindən qərarlar qəbul edildi. Dövlət Nəşriyyatı və uşaq kitab nəşriyyatının yaradılması qərara alındı.

Qafqaz xalqlarının adət-ənənələrini yaxşı bilən Əziz Əliyev çoxmillətli respublikanın yerli xüsusiyyətlərini xüsusi nəzarətə alırdı. O, qədim zamanlardan Dağıstanda yaşlı nəslin malik olduğu təsir və nüfuzu nəzərə alaraq, onların həyati vacib məsələlərin həllinə cəlb edilməsinin zəruriliyinə diqqət çəkirdi. Bölgələrə səfər edən partiya işçilərinin təlimat müşavirələrində onlara kəndlərin ən yaşlı sakinləri ilə söhbət etməyi, onları cəbhəyə köməklik göstərilməsi, gənclərin maarifləndirilməsi ilə bağlı məsələlərin həllinə cəlb etməyi tövsiyə edirdi. Əziz Əliyevin Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi kimi göstərdiyi titanik işi həm də onunla sübut edilir ki, bu müddət ərzində (1942-ci ilin sentyabrından 1948-ci ilin dekabrına kimi) Vilayət Partiya Komitəsinin 24 plenumu (hər biri üçün bir iclas) keçirilmiş və Vilayət Partiya Komitəsi Bürosunun 388 iclası (orta hesabla ayda 5 iclas) olmuşdu. Bu iclaslar gecə saatlarına qədər davam etmişdir.

Ardı var…

visiontv.az