Avstraliya Hörmüz boğazının blokadasında ABŞ-yə qoşulacaq?
13.04.2026

Avstraliya hökuməti ABŞ ilə birlikdə Hörmüz boğazının blokadasında iştirak etmək imkanını nəzərdən keçirmir.

Bu barədə  Avstraliyanın xarici işlər və ticarət nazirinin müavini  Mett Tistltueyt "Sky News" telekanalına müsahibəsində bildirib.

"Biz hesab edirik ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərinin enməsini təmin etməyin ən yaxşı variantı danışıqlar yoludur", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Avstraliya hökuməti aprelin 11-də İslamabadda İran və  ABŞ arasında keçirilən danışıqların nəticə verməməsindən məyus olub:

"Biz istərdik ki, bu danışıqlar bərpa olunsun. Bu, boğazın həmişəlik açılması, beynəlxalq iqtisadiyyatın bərpası, benzin tədarükünün yenidən başlaması və avstraliyalılar üçün qiymətlərin enməsinin ən yaxşı yoludur".

ABŞ  Prezidenti  Donald  Trampın Hörmüz boğazının blokadası ilə bağlı bəyanatlarını şərh edən  Avstraliyanın Baş naziri Entoni  Albaneze isə bu məsələdə Birləşmiş Ştatların tək hərəkət etdiyini bildirib:

"Biz heç bir sorğu almamışıq. Hörmüz boğazının blokadasında iştiraka dəvət etməyiblər və dəvət olunacağımızı da gözləmirəm".

Aprelin 12-də  ABŞ lideri "Fox News" telekanalına müsahibəsində  NATO ölkələrinin bir hissəsinin Hörmüz boğazı məsələsində Vaşinqtona yardım göstərmək niyyətində olduğunu iddia edib. Bundan əvvəl o, ABŞ və digər dövlətlərin boğazı blokadaya almağa başladığını söyləmişdi.

visiontv.az