Azərbaycanın qida, turizm və mədəniyyət təhlükəsizliyi: Azad olunmuş torpaqda hansı çörək bişəcək, hansı mahni oxunacaq, hansı qonaq gələcək?
Təhlükəsizlik dedikdə adətən tank, dron, sərhəd ağlımıza gəlir. Amma XXI əsrdə ölkənin ən həssas sərhədi 3 yerdən keçir, boşqabdan, otel resepsionundan və səhnədən. Azərbaycan üçün bu 3 sahə - qida, turizm, mədəniyyət artıq ayrı-ayrı sahələr deyil. Bu, milli təhlükəsizliyin yumşaq üçbucağıdır. Üçbucağın ən önəmli bucağı isə qida təhlükəsizliyidir. 2020-ci ilə qədər Azərbaycan taxılın 70%-ni, yağın 80%-ni idxal edirdi. Müharibə, pandemiya, Rusiya-Ukrayna böhranı göstərdi ki, gəmi dayananda supermarkandakı rəflər 2 həftəyə boşalır. Bunun üçün Azərbaycan dövləti 3 xəttə daha çox önəm verdi.
Bir. Özünütəminat. 2021-2026-ci il üçün Dövlət proqramı çərçivəsində buğda, kartof, şəkər çuğunduru üzrə özünütəminatı 85%-ə çatdırmaq. Qarabağda və digər rayonlarda “ağıllı kənd” və “ağıllı əkinçilik” pilotları məhz bunun üçün yaradılır.
İki. Strateji ehtiyat. Bura Dövlət Taxıl Fondu, ərzaq ehtiyatları və sair daxildir. Məqsəd fövqəladə halda 6 aylıq qida ehtiyatı əldə etmək.
Üç. Qida diplomatiyası. Azərbaycan artıq özü kənd təsərüfatı malları nar, fındıq, şərab, çay ixrac edir. Yəni asılı istehlakçıdan marka sahibi ölkəyə keçir. Bu istiqamətdə ən böyük risk isə “qida koloniyası” olmaqdır. Əgər sən yalnız xarici brendlərin fast-foodunu yeyir, xarici toxum və gübrədən asılı qalırsansa, deməli sənin mətbəxin başqasının əlindədir. Ona görə milli mətbəxin qorunması Azərbaycan dövləti üçün prioritetdir.
Dörd. Turizm təhlükəsizliyi. Turizm ya pul gətirir, ya da kimliyini aparır.
Bu istiqamətdə məncə 2 risk var.
Birncisai Monokultur turizmdir. Yalnız “neft və bulvar” imici. Bu, ölkəni 1 şəhərə, 1 fəslə bağlayır.
İkincisi mədəni appropriasiyadır. Yəni sənin mədəniyyətini başqasının “ekzotik paketi” kimi satmaları.
Buna görə Azərbaycan son illər turizmi “təhlükəsizlik alətinə” çevirir. İlk növbədə coğrafiyanın diversifikasiyasını həyata keçirdi. Şuşa mədəni turizm. Qəbələ, Şahdağ - qış turizmi. Naxçıvan, Lənkəran - ekoturizm. Qarabağ - “qələbə və bərpa” turizmi və sair. O cümlədən nəzarətli açıq qapı siyasəti həyata keçirildi. Vizanın liberallaşması və “ASAN Viza” sisteminin tətbiqi. Paralel olaraq tarixi abidələrin, milli geyimlərin, musiqinin qeydiyyatı və UNESCO-ya təqdim edilməsi. Yəni gəl, amma bizim qaydamızla hərəkət edəcən.
Və nəhayət Mədəniyyət təhlükəsizliyi. Bu, ən vacib və ən görünməz cəbhədir. Hücum necə olur? Məslən Ad oğurluğu. “Dolma bizimdir”, “xalça bizimdir”, “muğam bizimdir” kampaniyaları. Yaddaşın silinməsi. 30 il ərzində işğal altında olan məscidlərin, qəbirlərin dağıdılması məhz kimliyi silmək üçün idi. Rəqəmsal işğal. TikTok-da, Netflix-də Azərbaycanı “Rusiyanın bölgəsi” kimi təqdim etmək və sair. Azərbaycan bu istiqamətdə də “müdafiə”dən “hücuma” keçdi. UNESCO-da Xarı bülbül, yallı, kəlağayı, Novruz və sair olmaqla 25 nominasiya üzrə qeydiyyatdan keçdi. Şuşada Vaqif Poeziya Günləri, Xarıbülbül Festivalı, Cıdır Düzündə konsertlər keçirməklə dağılmış mədəniyyəti dirçəltmək, həm də baxın, biz varıq və yaşayırıq deməkdir.
Nəticə olaraq deyim ki, Qida, Turizm, Mədəniyyət bir yerdə kəsişəndə “təcrübə” yaranır.
Məsələn turist Kəlbəcərə gəlir, orada “ağıllı kənd”in balını, pendirini yeyir, axşam Şuşada muğam dinləyir və sosial mediada paylaşır. Bu 3 addımda baş verir. İqtisadi təhlükəsizlik, yerli fermer pul qazanır, İnformasiya təhlükəsizliyi, dünya Qarabağın Azərbaycan olduğunu görür, mədəni təhlükəsizlik, milli mətbəx və musiqi dəyər qazanır.
Əgər bu zəncir qırılsa, təhlükə də üçqat olur. Bu istiqamətdə müasir təhlükəsizlik sistemi deyir ki, boşqabını, mahnını, qonağını qoru. Azərbaycan bu gün 3 cəbhədə eyni anda vuruşur. Boşqabda asılılığı azaltmaq və brend yaratmaq. Oteldə turist axınını və imici idarə etmək. Səhnədə, yaddaşı qorumaq, onu dünyaya satmaq. 2020-ci ildə torpaq azad olundu. 2026-ci ildə isə sual budur, azad olunmuş torpaqda hansı çörək bişəcək, hansı mahnı oxunacaq, hansı qonaq gələcək?
Şöhrət El-Dəniz
visiontv.az