"Səfəvilər imperiyasının dağılmasına Səfəvi elitasının seksual pozğunluğu səbəb oldu" kimi absurd fikiri yalnız və yalnız istorioqrafiyadan, tarixi sosiologiyadan və sosial antropologiyadan bixəbər diletantlar, psevdo-tarixçilər, populistlər, ucuz şöhrət həvəskarları səsləndirə bilərlər.
Kim ki Səfəvi imperiyasının süqut etməsinin gerçək səbəblərini doğru-düzgün anlamaq istəyirsə, həmin şəxsin ilk növbədə, heç olmasa, imperiyaların yaranması, mövcudluğu və tənəzzül səbəbləri, dövlətlərin təbiəti və dövlət yaranma prosesləri, dövlətlərin iflasının obyektiv və subyektiv amilləri barədə elementar anlayışı olmalıdır.
Bunları bilmədən nəhəng bir imperiyanın dağılmasının başlıca səbəbini gətirib seksual pozğunluğa bağlamaq dövlətçilik tariximizə də, tarix elminə də hörmətsizlikdir. Tarixi qaynaqlardan və akademik araşdırmalardan xəbəri olan ciddi adamlar heç vaxt belə sərsəm, qeyri-elmi fikir səsləndirməzlər.
Heyf ki, bizim ölkədə tarix sosiologiyasını araşdıranlar demək olar ki, yox dərəcəsindədir.
Ona görə də bir-iki xarici müəllifin anti-Səfəvi və anti-Azərbaycan səpkidə yazılmış qərəzli və çaşdırıcı kitablarını oxumaqla özlərini tarix bilicisi hesab edənlərin ilk fürsətdə məhz Səfəvilərə, məhz Şah İsmayıl Xətaiyə daş atması əfsuslar olsun ki, artıq ənənə halını almaqdadır.
P.S.
Şair Qabil "Müsibət oluruq biz, səhv düşəndə yerimiz" deyimini heç də əbəs yerə deməyibmiş. Allah ona rəhmət eləsin.
Bəybala Mirzəyev
Visiontv.az