Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək
24.11.2026

Azərbaycan-Litva biznes-forumu Litvanın xarici işlər naziri Kestutis Budrisin noyabrın 25-26-da səfəri çərçivəsində Bakıda keçiriləcək.

Bu barədə  Visiontv.az  Litvanın  Xarici  İşlər  Nazirliyinə (XİN) istinadən xəbər verir.

Nazirlikdən qeyd edilib ki, K. Budris Bakıda  Azərbaycanın rəsmi şəxsləri, akademik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək, həmçinin iki ölkənin sahibkarlarının iştirakı ilə biznes-forumda iştirak edəcək.

"İkitərəfli görüşlər zamanı tərəflər Litva və  Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini, iqtisadi əməkdaşlığın genişləndirilməsini, Litvanın  Avropa İttifaqı Şurasının gələcək sədri kimi ittifaqın  Azərbaycanla dialoqunu gücləndirmək səylərini, regional təhlükəsizlik məsələlərini, Ukrayna ətrafındakı vəziyyəti və geosiyasi durumu müzakirə edəcəklər", - məlumatda qeyd olunub.

Səfər çərçivəsində Litva diplomatiyasının rəhbəri Bakıda Şəhidlər xiyabanına gül qoyaraq 20 yanvar 1990-cı il faciəli hadisələrinin ("Qara Yanvar") qurbanlarının xatirəsini yad edəcək.

visiontv.az