“ABŞ şirkətlərinin Zəngəzur dəhlizində fəaliyyətindən narahatıq”
24.11.2026

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin "Tabnak” saytına müsahibəsində TRIPP layihəsində (Zəngəzur dəhlizində) ABŞ şirkətlərinin iştirakından narahat olduqlarını bildirib.

Onun fikrincə, Ermənistan və Azərbaycanın sözügedən şirkətlərin bölgədə fəaliyyətinə icazə verməsi ehtimalı azdır.

Pakayin bildirib ki, İran bu məsələ ilə bağlı narahatlığını dəfələrlə Ermənistan rəsmilərinə, o cümlədən baş nazir Paşinyana, Xarici İşlər Nazirliyinin nümayəndələrinə və Tehrandakı Ermənistan səfirinə çatdırıb. Onun sözlərinə görə, Ermənistan hökuməti layihənin həyata keçirilməsi zamanı Amerika şirkətlərinin marşrut boyunca və ya onun ərazisində fəaliyyət göstərməsinə icazə verməyəcəyinə dair İrana vəd verib.

Keçmiş diplomat, eləcə də Zəngəzur dəmir yolunun tikintisi üçün Azərbaycan və Ermənistan arasında razılaşmanın zəruri olduğunu bildirib. Onun fikrincə, marşrutun yalnız Azərbaycan və onun Naxçıvan bölgəsini birləşdirəcək şəkildə açılması Ermənistanın maraqlarına uyğun olmayacaq. Pakayin bu kontekstdə tərəflər arasında qarşılıqlı nəqliyyat marşrutlarının açılması ilə bağlı razılaşmanın əldə edilib-edilmədiyinin dəqiqləşdirilməli olduğunu söyləyib.

Araz marşrutunun gələcəyi ilə bağlı sualı cavablandıran Pakayin qeyd edib ki, Azərbaycan ərazisindən İran vasitəsilə Naxçıvana gedən avtomobil yolu hazırda fəaliyyət göstərir və bu marşrutda dəyişiklik gözlənilmir.

Keçmiş səfir Zəngəzur marşrutunun tikintisinin qısa müddətdə başa çatdırılmasının mümkün olmadığını da vurğulayıb. Onun hesablamasına görə, layihənin reallaşdırılması ən azı bir-iki il, bəzi qiymətləndirmələrə əsasən isə iki-üç il çəkə bilər.

Cənubi Qafqazda baş verən proseslərin İranın maraqlarına zərər vurması və Tehranın bölgədə Rusiya mərkəzli siyasətdən asılılığı barədə fikirləri şərh edən Pakayin bu yanaşma ilə razılaşmadığını bildirib.

Diplomat Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və münaqişə təhlükəsinin aradan qalxmasının bölgədə tranzit imkanlarını genişləndirdiyini açıqlayıb. Onun bildirdiyinə görə, İranın həm Azərbaycan, həm də Ermənistanla tranzit əlaqələri fəaliyyət göstərir.

visiontv.az