ABŞ-də İranın xeyrinə oğurluq edən 3 mühəndis saxlanılıb
26.02.2026

ABŞ-da texnologiya sirlərini oğurlayıb İrana ötürmək ittihamı ilə üç mühəndis həbs olunub.

Bu barədə FTB məlumat yayıb.

Məlumata görə, Silikon Vadisində yaşayan üç mühəndisin Google da daxil olmaqla texnologiya şirkətlərindən ticarət sirlərini oğurlayıb İrana ötürmək ittihamına görə saxlanılıb.

Saxlanılanlar San Jose şəhərindəki federal məhkəmədə ittiham olunublar və bəzi media qurumlarının məlumatına görə,onlar İran vətəndaşlarıdır.

İttihamnaməyə görə, təqsirləndirilən şəxslər iş vəzifələrindən istifadə edərək prosessor təhlükəsizliyi və şifrələmə texnologiyaları ilə bağlı məxfi məlumatlara daxil olublar və bu məlumatları şəxsi hesablara və cihazlara ötürüblər. ABŞ hakimiyyəti bildirir ki, bu məlumatlar daha sonra xaricə, o cümlədən İrana ötürülüb. 

Bildirilib ki, təqsirləndirilən şəxslər cinayətlərini gizlətmək üçün  məlumatları silməklə və məhv etməklə, yalan məlumat verməklə və sübutları gizlətməklə istintaq və məhkəmə prosesini qəsdən pozublar.

ABŞ prokuroru elan edib ki, ittihamlar sübut olunarsa, təqsirləndirilən şəxslər ticarət sirlərini oğurladığına görə 10 ilə qədər həbs və ədalətə mane olduğuna görə 20 ilə qədər həbs cəzası da daxil olmaqla ağır həbslərə məhkum ediləcəklər.

visiontv.az