Müxtəlif sahələr üzrə 112 Nobel laureatı birgə bəyanat yayaraq iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını, ona qarşı irəli sürülən bütün ittihamların ləğv olunmasını tələb edib. Məhəmmədi bugünlərdə Tehranda xəstəxanaya yerləşdirilib.
Bəyanatda "Nərgiz Fondu" və digər mötəbər mənbələrə istinadən Məhəmmədinin fiziki vəziyyətinin kritik həddə çatdığı bildirilir. Hüquq müdafiəçisinin kəskin çəki itirdiyi, qan təzyiqinin qeyri-sabit olduğu və ürəklə bağlı ağır simptomlardan əziyyət çəkdiyi vurğulanır.
Nobel laureatları xəbərdarlıq edir ki, Məhəmmədinin həyatı birbaşa təhlükə altındadır. Onlar hüquq müdafiəçisinin aylardır peşəkar tibbi xidmət ala bilmədiyini xüsusi qeyd edirlər.
"Heç kim dinc etiraz və ya insan hüquqlarını müdafiə etdiyinə görə həbs olunmamalıdır", — deyə 1997-ci il Nobel Sülh Mükafatı laureatı Codi Uilyams bildirib.
Bəyanat müəllifləri İran hakimiyyətini və beynəlxalq birliyi Məhəmmədinin azadlığa buraxılması, eləcə də onun təxirəsalınmaz tibbi yardımla təmin edilməsi üçün təcili addımlar atmağa çağırırlar.
İranda həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi Tehranda xəstəxanaya köçürülüb. Onun fondu mayın 10-da bildirib ki, sərt həbsxana şəraitinə görə o, "ölüm həddinə yaxın" vəziyyətdədir.
Fondun məlumatına əsasən, böyük məbləğdə girov qarşılığında Məhəmmədinin cəzasının icrası müvəqqəti dayandırılıb.
54 yaşlı Məhəmmədi əvvəllər həbsdə saxlanıldığı Zəncan şəhərindəki xəstəxanada müalicə alırdı. Onun vəkili Mustafa Nili bildirib ki, hazırda Tehrandakı "Pars" xəstəxanasında olan aktivist şəxsi həkim heyətinin nəzarəti altında müalicəsini davam etdirir.
Məhəmmədinin Parisdəki əri Tağı Rəhmani onun vəziyyətini kritik olaraq qiymətləndirib. Onun sözlərinə görə, hazırda Məhəmmədinin təzyiqi kəskin düşüb və o, danışmaqda çətinlik çəkir.
Mayın 2-də qardaşı Həmidrza Məhəmmədi AzadlıqRadiosunun fars xidmətinə açıqlamasında bildirib ki, o, "ölüm həddindədir": "O ölür. Həbsxanadakı sərt şərait və ona vurulan zərər onu ölüm həddinə çatdırıb. Nərgizin və bütün məhbusların həyatı ilə bağlı məsuliyyət birbaşa məhkəmə hakimiyyətinin və təhlükəsizlik aparatının üzərinə düşür".
Hüquq müdafiəçisi N.Məhəmmədi İranda qadın hüquqları uğrunda mübarizəsinə görə 2024-cü il Nobel Sülh Mükafatına layiq görülüb. O, fəaliyyətinə görə son 10 ilin böyük hissəsini həbsdə keçirib və 2025-ci ilin dekabrında Məşhəddə bir anım mərasimində yenidən saxlanılıb. Həbsindən sonra ona əlavə 7 il yarım həbs cəzası kəsilib.
BMT-nin baş katibi Antonio Quterreş İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin səhhətinin ağırlaşması ilə bağlı xəbərlərdən narahatlığını bildirib.
Quterreşin sözçüsü Stefan Düjarrik mayın 4-də jurnalistlərə açıqlamasında baş katibin N.Məhəmmədinin səhhətindən "dərin narahatlıq" keçirdiyini bildirib. O, İran hakimiyyətini fəala mövcud sağlamlıq vəziyyətinin tələb etdiyi təcili tibbi yardımı göstərməyə çağırıb.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts da mayın 5-də X sosial şəbəkəsində bu barədə paylaşım edib. O, Məhəmmədinin həbsdə olduğu müddətdə "rejimin qadınlara və siyasi rəqiblərə qarşı zorakılığı barədə həqiqəti danışdığına görə" pis rəftara məruz qaldığını vurğulayıb və Tehranı ona təcili tibbi yardım göstərməyə çağırıb.
N.Məhəmmədi Fondu mayın 1-də bildirib ki, insan haqları fəalının səhhəti kəskin pisləşdiyindən təcili olaraq Zəncan şəhərindəki xəstəxanaya köçürülüb. Fondun məlumatına görə, o, iki dəfə huşunu itirib, ağır ürəktutması keçirib və vəziyyəti son dərəcə kritikdir.
Qardaşı Həmidrza Məhəmmədi mayın 2-də AzadlıqRadiosunun fars xidmətinə açıqlamasında deyib ki, ailə üzvləri onu xəstəxananın reanimasiya şöbəsində görüblər. Onun sözlərinə görə, Məhəmmədinin vəziyyəti ağır olaraq qalır və o, süni tənəffüs aparatı vasitəsilə nəfəs alır.
İranda həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi ötən ay infarkt keçirəndən sonra ağır vəziyyətdədir. Bunu onun ailəsi və tərəfdarları bildirir.
Məhəmmədinin İranda yaşayan ailəsinə və vəkillərinə aprelin 11-də həbsxanada onunla ikinci dəfə üzbəüz görüşməsinə icazə verilib. Onun fondu açıqlamasında bildirir ki, görüş zamanı "ümumi durumunda pisləşmə açıq görünüb, fiziki durumu kritik qiymətləndirilib".
Yaxınları son ziyarət zamanı Məhəmmədinin fiziki baxımdan ciddi zəiflədiyini, həddindən artıq halsız olduğunu, xeyli çəki itirdiyini müşahidə ediblər.
Qardaşı Həmidrza Məhəmmədi bildirib ki, o, zorakı cinayətkarlarla birlikdə saxlanılır, digər məhbuslardan ölüm təhdidləri alıb.
Məhəmmədi uzunmüddətli insan haqları fəaliyyətinə görə 2023-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. O, dekabrda Məşhəddə həbs olunub, daha sonra Zəncan həbsxanasına köçürülüb, ailəsi ilə əlaqəsi məhdudlaşdırılıb.
Saxlanma şəraiti, son aclıq aksiyası, İranda siyasi gərginlik narahatlıqları daha da artırıb.
Tərəfdarları xəbərdarlıq edirlər ki, onun həbsdə qalması həyatına birbaşa təhdid yaradır, bunun nəticəsini dəyişmək mümkün olmaya bilər.
İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həbsxanada səhhəti xeyli pisləşib. Bu barədə onun əri Tağı Rəhmani açıqlama verib. O, aprelin 1-də Parisdən telefonla AzadlıqRadiosunun fars xidmətinə danışıb.
Məhəmmədi hazırda Zəncan həbsxanasında saxlanılır. Rəhmani deyib ki, onun həbsxanadan kənarda ixtisaslaşmış tibbi yardıma ehtiyacı var, amma hakimiyyət onu buraxmır. Ərinin sözlərinə görə, Məhəmmədi ağciyər və ürək problemlərindən əziyyət çəkir, güclü başağrısı, ürəkbulanma, göz problemləri yaşayır.
Martın 31-də "Nərgizi Azad Et" Koalisiyası fəalın vəziyyəti və müstəqil tibbi yardımdan məhrum edilməsi ilə bağlı ciddi narahatlıq bildirib. Məlumata görə, Məhəmmədinin hüququnu müdafiə edən komanda onun bir ailə üzvü ilə birlikdə martın 29-da Zəncanda fəalla görüşüb. Bu görüşdən ötrü həftələrlə müraciətlər edilib.
Məhəmmədinin ümumi səhhətinin çox ağır olduğu deyilir. Onu görüş otağına həbsxananın tibb bacısı gətirib, solğun, zəif və xeyli arıqlamış kimi görünüb. Rəhmani bildirib ki, xanımı 2025-ci ilin dekabrında Məşhəddə həbs olunandan səhhətində problemlər var. Onun sözlərinə görə, Məhəmmədi saxlanılarkən təhlükəsizlik qüvvələri onu döyüb, zorakılıq nəticəsində bədənində uzun müddət göyərtilər qalıb.
"Amnesty International" insan haqları qurumu isə martın 24-də məlumatlı mənbəyə istinadla xəbər verib ki, Məhəmmədi Zəncanda huşsuz vəziyyətdə, əl-ayağı soyumuş, keyləşmiş və gözləri çevrilmiş halda tapılıb. Həbsxana həkimi onun ürəktutması keçirdiyini ehtimal edib. Amma rəsmilər onu xəstəxanaya köçürməkdən imtina ediblər. Londonda yerləşən qurum fəalın təcili tibbi yardım alması üçün dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.
visiontv.az