Zelenski: Ukrayna Rusiyanın sərhəddən 1300 kilometr uzaqlıqdakı neft obyektlərinə zərbələr endirib
27.07.2026

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın dərin arxa cəbhəsində yerləşən bir sıra strateji obyektlərə uzaqmənzilli zərbələr endirib.

Bu barədə Ukrayna Prezidenti  Volodimir  Zelenski “Telegram” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Rostov, Yaroslavl vilayətləri və Udmurtiya Respublikasındakı neft infrastrukturu hədəfə alınıb.

"Bu gecə uzaqmənzilli sanksiyalarımız Rostov vilayətində nəticə verdi. Cəbhə xəttindən təxminən 250 kilometr məsafədə yerləşən ixrac terminalı vuruldu. Həmçinin Yaroslavl vilayətində və Ukrayna dövlət sərhədindən 1300 kilometr uzaqlıqda yerləşən Udmurtiya Respublikasındakı neft obyektlərinə də uzaqmənzilli zərbələr endirildi. Uzaqmənzilli sanksiyalar planını həyata keçiririk və Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarını azaldırıq", – deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, bu zərbələr Rusiyanın hərbi və maliyyə imkanlarını zəiflətməyə yönəlib.

"Hələ yaxın vaxtlara qədər Rusiyanın dərin arxa cəbhəsi hesab olunan ərazilərdə dəqiq zərbələr endirən Ukrayna Müdafiə Qüvvələrinin hərbçilərinə təşəkkür edirəm. Cavablarımızla müharibəni Rusiyanın özünə qaytarırıq ki, nəticədə ədalətli sülh üçün imkan yaransın", – deyə o vurğulayıb.

visiontv.az