Tailand hakimiyyəti İran səfirini çağırıb.
Bu barədə Visiontv.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Hörmüz boğazında Tailand gəmisinə edilən hücum olub.
Tailand Xarici İşlər Nazirliyi bildirib ki, Maskatdakı diplomatik heyət xilasetmə işləri ilə bağlı Omanla əməkdaşlıq edir və artıq İran səfirini danışıqlar üçün çağırıb. Nazirlik Yaxın Şərqdəki vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib, insidentin ABŞ-İsrail hücumları və İranın cavab tədbirlərindən qaynaqlandığını və bunun da regional gərginliyin artmasına səbəb ola biləcəyini, dinc əhali üçün ciddi təhlükə yarada biləcəyini qeyd edib. Tailand Xarici İşlər Nazirliyi bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə, təmkin nümayiş etdirməyə və gərginliyi azaltmağa çağırıb.
Xatırladaq ki, ötən gün Tailand bayrağı altında üzən yük gəmisi Hörmüz boğazından keçməyə çalışarkən hücuma məruz qalıb və nəticədə üç ekipaj üzvü itkin düşüb.
"Mayuree Naree Bangkok" gəmisi İran sahillərində olarkən arxa tərəfdən vurulub və alovlanıb.
Gəminin boğazdan keçərkən İran mərmisinə tuş gəldiyi bildirilir. 23 ekipaj üzvündən 20-si xilasetmə qayıqlarında gəmini tərk edib, Oman hərbi-dəniz qüvvələri tərəfindən xilas edilib. Gəmi sahibinin sözlərinə görə, itkin düşən üç nəfərin gəminin zərbə alaraq alovlanan arxa tərəfində, mühərrik otağında qaldığı ehtimal edilir, onların xilas olunması üzrə əməliyyatlar davam edir.
visiontv.az