Babək Hacızadənin Evin həbsxanasında vəziyyəti ağırlaşıb.
Gunaz TV-nin məlumatına görə, Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı fəal Babək (Baqir) Hacızadə son günlər ağır soyuqdəymə səbəbindən davamlı qızdırma, üşütmə və ciddi fiziki zəifliklə üzləşib. Fiziki vəziyyətinin ağırlaşmasına və təcili tibbi yardıma ehtiyac olmasına baxmayaraq, həbsxana rəhbərliyi onun müalicə müəssisəsinə köçürülməsinə və tibbi xidmət almasına mane olub.
Məlumatlara görə, bu fəal hətta ilkin gigiyenik və yaşayış imkanlarından da məhrum edilib və bu məhdudiyyətlər İran Kəşfiyyat Nazirliyinin göstərişi ilə tətbiq olunur. Bu siyasi məhbusun səhhətinə qarşı davam edən laqeydlik onun sağlamlıq durumu ilə bağlı narahatlıqları artırıb.
Babək Hacızadə 5 fevral 2024-cü ildə İranın təhlükəsizlik qüvvələri tərəfindən məhkəmə qərarı təqdim edilmədən və döyülərək saxlanılıb.
Bu Güneyli fəal Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən, hakim Səlavatinin sədrliyi ilə “milli təhlükəsizliyə qarşı toplaşma və sövdələşmə” və “casusluq” kimi ittihamlarla 13 il həbs cəzasına məhkum edilib.
İran həbsxanalarında xəstə siyasi məhbusların tibbi yardımdan məhrum edilməsi insan haqları təşkilatlarının dəfələrlə tənqid etdiyi sistemli təzyiq üsullarından biri kimi qiymətləndirilir.
visiontv.az