Gələn il Ağdam-Xankəndi dəmir yolunun və Xankəndi Dəmir Yolu Avtovağzal Kompleksinin açılışı planlaşdırılır
17.04.2026

Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi qarşıya məqsəd qoyan "Azərbaycan Dəmir Yolları" QSC sərnişindaşıma xidmətinin dayanıqlı inkişafı üçün pandemiyadan əvvəl mövcud olmuş marşrut və stansiyaların bərpasını mərhələli şəkildə həyata keçirir.

Bunu  Kürdəmir stansiyasının sərnişinlərin istifadəsinə verilməsi və bununla əlaqədar rəmzi qatarın təşkil olunması çərçivəsində jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini  Arif Ağayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə 2023-cü ildə Bakı–Gəncə–Bakı marşrutu Ağstafaya qədər uzadılıb, ilk dəfə olaraq Qəbələyə sürətli qatar reysləri təşkil olunub. 2024-cü ildə yeni qatarlar istismara verilib, Bakı–Ağstafa–Bakı xətti üzrə reyslərin sayı artırılıb, Ləki və Ucar stansiyalarında dayanacaqlar təmin edilib.

Arif  Ağayev onu da qeyd edib ki, 2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: ilin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də   Xankəndi Dəmir Yolu və  Avtovağzal Kompleksinin açılışı planlaşdırılır.

"Görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir", - Arif Ağayev vurgulayıb.

visiontv.az