Yenilənmiş Monro Doktrinası
11.01.2025

Trampın Qrenlandiyanı, Panama kanalını və Kanadanı ABŞ-a ilhaq etmək ideyasını açıq şəkildə səsləndirməsi, əslində ABŞ-ın qlobal geosiyasi strategiyasında köklü dəyişikliklərdən xəbər verir. Bu bəyanatlar, Vaşinqtonun öz təsir dairələrində tam nəzarəti bərpa etmək üçün daha idarəolunan və kontinent mərkəzli yanaşmaya keçdiyini göstərir. Əslində bu, XIX əsrdə qəbul edilmiş Monro Doktrinasının yenilənmiş versiyası kimi də qiymətləndirilə bilər.

Monro Doktrinası: Tarixi Kontekst

1823-cü ildə elan edilən Monro Doktrinası ABŞ-ın Qərb yarımkürəsini Avropa güclərinin müdaxiləsindən qorumaq siyasətini əks etdirirdi. Bu doktrina, ABŞ-ın qonşuluğunda xarici güclərin iştirakını minimuma endirmək məqsədini daşıyırdı. Trampın bəyanatları isə bu tarixi siyasətin yenidən interpretasiya edildiyini və daha kəskin bir formaya salındığını nümayiş etdirir.

Geosiyasi Motivlər

“The Wall Street Journal”ın da qeyd etdiyi kimi, Trampın bəyanatları Amerikanın Panama kanalını “təslim etməsi” və Çinin ABŞ-ın hökmranlıq etməli olduğu Qərbə doğru irəliləməsi ilə bağlı "uzunmüddətdir ki, davam edən və mübahisəli" düşüncələrə əsaslanır. Faktiki olaraq Trampın hazırki bəyənatlardan doğan fəaliyyəti Amerika prezidentlərinin onilliklər ərzində yürütdükləri siyasətdən kəskin şəkildə fərqlənir. Donald Tramp Ottava ilə ticarət danışıqları ərəfəsində təsir rıçaqları qazanmaq üçün Kanadaya nəzarəti ələ keçirəcəyini bildirir. Panama Kanalı ilə bağlı deyilənlər, Panamadan keçən ABŞ gəmiləri üçün qiymətləri aşağı salmaq məqsədilə oryaya atılmış “hiylə”, Qrenlandiya təklifi isə nadir torpaq minerallarına çıxış əldə etmək və Çini oradan uazaq tutmaq məqsədi daşıyır.

Bu mənada adı çəkilən hər üç bölgənin olduqca ciddi və strateji əhəmiyyəti var.

Qrenlandiya strateji resurslar və Arktika əhəmiyyətinə görə fərqlənir. Qrenlandiya, həm mineral resurslarına, həm də geostrateji mövqeyinə görə ABŞ üçün cəlbedici bir hədəfdir. Vurğulamaq lazımdır ki, minerallarla, neft və qazla zəngin olan ada təkcə ABŞ-ın deyil, həm də Rusiya və Çinin diqqətindədir.

Arktikada buzların əriməsi regionun geosiyasi əhəmiyyətini artırır, bu da ABŞ-ın bu regionda nəzarəti gücləndirmək istəyini izah edir.

Panama kanalı- ticarət marşrutları və dəniz gücüdür. Unutmaq olmaz ki, Panama Kanalı dünya ticarətində mühüm rol oynayır. ABŞ-ın bu kanala tam nəzarət etmək arzusu, qlobal ticarət marşrutlarına təsir gücünü artırmaq niyyəti ilə izah edilə bilər.

Kanada isə iqtisadi və coğrafi faktorlar açısı baxımından əhəmiyyətlidir. Kanada ilə ABŞ arasında onsuz da güclü iqtisadi əlaqələr mövcuddur. Bununla belə, ilhaq ideyası ABŞ-ın enerji və təbii resurslara çıxışını maksimum dərəcədə təmin etmək məqsədindən qaynaqlanır.

Yenilənmiş Doktrinanın Təhlükələri

Lakin bununla belə Trampın bəyanatları və bu istiqamətdə mümkün strategiyalar bir sıra riskləri də özündə birləşdirir:

Bu ilk növbədə beynəlxalq reaksiya ilə bağlıdır. Belə yanaşma, xüsusilə Avropa İttifaqı və Çin kimi güclər tərəfindən sərt reaksiya ilə qarşılanacaq və qlobal rəqabəti daha da artıracaq.

İkinci risk regional münaqişələr baxımından əhəmiyyət daşıyır. ABŞ-ın bu cür ambisiyaları regional dövlətlər arasında gərginliklərə səbəb ola bilər. Xüsusilə Latın Amerikası ölkələri yenidən ABŞ-ın hegemoniyasına qarşı müqavimət göstərə bilərlər.

Üçüncü risk isə daxili sabitlik məsələsidir. ABŞ daxilində belə addımların iqtisadi və siyasi nəticələri ciddi müzakirələrə səbəb olacaq.

Yenilənmiş Monro Doktrinası, ABŞ-ın öz təsir dairələrini genişləndirmək və qlobal rəqabətdə üstünlük qazanmaq cəhdlərinin göstəricisidir. Bununla belə, belə bir strategiyanın həm regional, həm də qlobal miqyasda qarşıdurmalara səbəb olma potensialı da yüksəkdir. ABŞ-ın bu ambisiyalarını həyata keçirmək üçün daha balanslı və diplomatik yanaşmaya ehtiyacı olacaq. Əks təqdirdə, bu siyasət beynəlxalq səhnədə Vaşinqtonun nüfuzuna nəinki zərər vura, hətta onu müəyyən mənada ənənəvi müttəfiqlərindən ayıra bilər.

Vüqar Zifəroğlu