“ABŞ prezidenti seçilən Donald Trampın Panama kanalı, Qrenlandiya və Kanada ilə bağlı hazırkı zorakılığa söykənən çağırışları Ermənistan üçün dəhşətli təhlükədir. Tramp dediklərini həyata keçirsə, bu, ərazi genişlənməsinə can atan digər döyüşkən ölkələrin istahını artıracaq. Çin Tayvanı ələ keçirmək istəyir, Rusiya bütün Ukraynanı, Şimali Koreya Cənubi Koreyanı, İsrail bütün Qəzzaya və İordan çayının qərb sahilinə göz dikib. Türkiyə və Azərbaycan onilliklər ərzində həyata keçirməsini arzuladığı pantürk ekspansiyasına söykənən köhnə xəyalını-bütün Ermənistana sahib olmağa can atır. Türkiyə və Azərbaycan bütün Ermənistanı işğal edib ona hökmranlıq etsə, prezident Trampın müdaxilə edəcəyini düşünən varmı? Nəzərə alın ki, Türkiyə Trampa İstanbul və Ankarada şəxsi otellərini tikməyə icazə verə bilər”…
Amerikadan yayımlanan və daşnaklara bağlı olan “armenianweekly.com” saytında gedən “Panama Canal, Greenland, Canada and Armenia” (Panama kanalı, Qrenlandiya, Kanada və Ermənistan) adlı məqaləsində Ezan Bagdasarian belə yazır...
Birmənalı olan odur ki, Donald Trampın açıqlamaları Ermənistanın maraqlarına tamamilə ziddir. Bu həm də o deməkdir ki, ortaya atılan ərazi iddiaları Avropa Birliyi ilə ABŞ arasında qarşıdurma yaradacaq. Kollektiv Qərbin parçalanması Türkiyə-Azərbaycan ittifaqına hərəkətə keçmək üçün şans yaradacaq...
Bir şeyi də deyim. Maraqlıdır ki, “BBC”i kimi mötəbər radio belə Donald Trampın bu açıqlamalarına isti yanaşır. Radio öz şərhində bildirir ki, Qrenlandiya 2 şeyə görə ABŞ-a lazımdır. Birincisi, Rusiyadan atılan raketlər Qrenlandiya üzərindən keçərək Amerikaya daxil ola bilər. Amerika Qrenlandiyaya əl qoysa, bu təhlükə aradan qalxacaq. Çünki Qrenlandiyada Rusiya raketlərini vurmaq daha asan və təhlükəsiz olacaq. İkinci məsələ Qrenlandiyanın təbii sərvətləri ilə bağlıdır. Çin çağdaş texnologiyalarda istifadə olunan xam malı əldə etmək üçün-onların arasında nadir elementlər də var-kifayət qədər mədənlərə sahibdir. Qrenlandiya Amerikada olsa bu problem də öz həllini tapacaq. Belə ki, Qrenlandiya böyük təbii sərvətlərə malikdir...
Elbəyi Həsənli
visiontv.az