Yeni Azərbaycan Partiyası və milli həmrəyliyin möhkəmləndirilməsi
23.11.2026

Müasir dövlətlərin dayanıqlı inkişafı üçün siyasi sabitliklə yanaşı, cəmiyyətdə milli həmrəyliyin və qarşılıqlı etimadın mövcudluğu da mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının siyasi tarixində Yeni Azərbaycan Partiyasının yaradılması məhz bu baxımdan xüsusi yer tutur.

Partiyanın təsis edildiyi dövrdə ölkədə mövcud olan mürəkkəb vəziyyət milli maraqlar ətrafında birləşməyin vacibliyini daha da aktuallaşdırmışdı. Azərbaycanın tanınmış ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciəti cəmiyyətin məsuliyyətli siyasi liderliyə olan ehtiyacını ifadə edirdi. Yeni Azərbaycan Partiyasının fəaliyyətində fərqli ictimai təbəqələrin və müxtəlif siyasi baxışlara malik insanların ümumi dövlətçilik məqsədləri ətrafında birləşdirilməsi mühüm istiqamət olmuşdur. Partiyanın Proqramında azərbaycançılıq, dövlətçilik, sosial ədalət və multikultural cəmiyyət prinsiplərinə xüsusi yer ayrılması bu yanaşmanın ideoloji əsaslarını təşkil edir.

Bu prinsiplər Azərbaycan cəmiyyətinin etnik, dini və mədəni müxtəlifliyinin qorunması ilə milli birliyin möhkəmləndirilməsini bir-birini tamamlayan proseslər kimi nəzərdə tutur. Milli həmrəyliyin gücləndirilməsi dövlətin daxili sabitliyinin və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə də müsbət təsir göstərir. Möhtərəm Prezident cənab İlham Əliyevin siyasi fəaliyyətində iqtidar-müxalifət münasibətlərinin sağlam əsaslar üzərində qurulması və siyasi dialoqun inkişafı mühüm yer tutur. Bu yanaşma ölkədə müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir. Ümummilli məsələlərdə ortaq mövqenin formalaşdırılması Azərbaycanın milli maraqlarının müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətin suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi və inkişafı ayrı-ayrı siyasi qrupların deyil, bütövlükdə xalqın ümumi maraqlarını əks etdirir. Yeni Azərbaycan Partiyasının 2021-ci ildə təsdiq edilmiş Proqramında konstruktiv əməkdaşlıq və dialoqun ayrıca siyasi dəyər kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Müasir siyasi mühitdə dialoq mədəniyyətinin inkişafı ictimai münasibətlərin sağlamlaşdırılması və siyasi institutların fəaliyyətinin təkmilləşdirilməsi üçün zəruridir. Eyni zamanda, qanunun aliliyinə hörmət və demokratik ənənələrin inkişafı siyasi proseslərin hüquqi çərçivədə həyata keçirilməsinin əsas şərtləridir.

Bu baxımdan siyasi dialoq milli maraqlardan kənar rəqabət deyil, dövlətin və cəmiyyətin inkişafına xidmət edən əməkdaşlıq mexanizmi kimi qiymətləndirilməlidir.  Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra milli həmrəyliyin əhəmiyyəti daha da artmışdır. Qarşıda duran iqtisadi, sosial və siyasi vəzifələrin uğurla həyata keçirilməsi dövlət institutları ilə cəmiyyət arasında etimadın möhkəmləndirilməsini tələb edir. Yeni Azərbaycan Partiyasının strateji hədəfləri sırasında vətəndaş həmrəyliyinin təminatına xüsusi yer verilməsi bu reallığın nəzərə alındığını göstərir. Beləliklə, milli birlik, siyasi dialoq və konstruktiv əməkdaşlıq Azərbaycanın uzunmüddətli inkişafının mühüm dayaqları kimi çıxış edir.

Zinyət Cəfərova
Neftçala rayonu