Iranda İran-İraq müharibəsində həlak olan adsız şəhidlərin anım mərasimində prezidenti Məsud Pezeşkiana “qorxaq”, “xəyanətkar” deyib qışqırdılar. Bu gün isə Pezeşkian çıxıb özü sistemi tənqid edri. Deyi ki, idarəçilikdə nöqsanlar var, qanunlar düzgün icra olunmur, korrupsiya var, vətəndaşlar haqlı olaraq narazıdır.
Sitat: “Biz insanların həyatının və dolanışığının keşikçisiyik və onların hüquqlarını müdafiə etməliyik. Təəssüf ki, bu gün idarəçilikdəki nöqsanlar və qanunların düzgün icra olunmaması səbəbindən bir çox problemlərlə üzləşirik”. Sitatın sonu. Sual budur ki, Pezeşkian səmimidir, yoxsa o da sistemin bir parçası kimi sadəcə rol oynayır? Gəlin açıq danışaq. Şəhid mərasimləri İranda müqəddəs sayılır. Orada prezidentə “qorxaq” demək adi etiraz deyil, sistemin içində çatlama deməkdir. Bəs niyə məhz Pezeşkiana qışqırdılar? Çünki Pezeşkian iki stulda oturmağa çalışır. Bir tərəfdən deyir ki, mən xalqın prezidentiyəm, mən islahat istəyirəm. Digər tərəfdən də deyir ki, mən Ali Rəhbərə sadiqəm, sistemə sadiqəm. Xalq da deyir ki, qardaş, ikisi bir yerdə olmur. Ona qışqıranlar isə çox güman ki, rejimin sərt qanadıdır. Onlar Pezeşkianı ona görə “xəyanətkar” sayır ki, o, ABŞ-la danışmaq istəyir, müharibə istəmir, qadınlara təzyiqi azaltmaq istəyir, iqtisadiyyatı açmaq istəyir. Onların gözündə bu, xəyanətdir. Çünki onların gözündə prezidentin vəzifəsi xalqın dolanışığını düzəltmək deyil, “düşmənə” qarşı qışqırmaqdır. Yəni Pezeşkiana qışqıranlar xalq deyil, sistemin özünün içindəki radikal dini qrupdur. Onlar Pezeşkiana deyirlər ki, sən bizim kimi sərt olmalısan, sən bizim kimi danışmalısan. Pezeşkian isə onlara dolayı cavab verir ki, mənim işim qışqırmaq deyil, insanların çörəyini düzəltməkdir. Bəs Pezeşkianın dedikləri doğrudurmu? Bəli, dedikləri doğrudur. Həqiqətən də İranda qanunlar düzgün icra olunmur, korrupsiya var, iqtisadi imtiyazlar var, haqsız qazanc var. Amma problem buradadır ki, bunu deyən adam prezidentdir. Prezident problemdən şikayət edə bilməz, prezident problemi həll etməlidir. Pezeşkianın çıxışı daha çox bir müxalifət liderinin çıxışına oxşayır, prezidentin çıxışına yox. O, deyir ki, problem var. Xalq da deyir ki, biz bilirik problem var, bəs sən nə edəcəksən? Və Pezeşkianın bu suala cavabı yoxdur. Çünki İranda prezidentin gücü yoxdur. İqtisadiyyatın böyük hissəsi SEPAH-ın əlindədir. Qanunları Ali Rəhbərin təyin etdiyi Şura yazır. Məhkəmələr prezidentə tabe deyil. Pezeşkian deyir ki, mən insanların keşikçisiyəm. Amma reallıqda o, keşikçi deyil, o, vitrində duran adamdır. Əsl keşikçilər başqa yerdədir. Bu, Pezeşkianın faciəsidir. O, problemi görür, amma problemi həll etmək səlahiyyəti yoxdur. Pezeşkianın bu çıxışı isə əslində iki yerə ünvanlanıb. Birincisi, dünən ona qışqıranlara ki, siz mənə qorxaq deyirsiniz, amma əsl qorxaqlıq problemləri görüb susmaqdır. Mən isə problemi deyirəm. O, bununla demək istəyir ki, mən xəyanətkar deyiləm, mən realistəm. Ölkə çökür, bunu demək xəyanət deyil. İkincisi, Pezeşkian dolayı yolla Ali Rəhbərə və SEPAH-a deyir ki, sizin idarəçiliyiniz ölkəni bu hala salıb. Mən təkbaşına bu yükü daşıya bilmərəm. Bu, çox incə bir tənqiddir. O, birbaşa ad çəkmir, amma hamı bilir kimi nəzərdə tutur. İranda “idarəçilikdə nöqsan” demək, əslində “sistemdə nöqsan” deməkdir. Çünki idarəçiliyi sistem edir. Amma Pezeşkianın tənqidi həmişə olduğu kimi heç bir nəticə verməyəcək. Çünki sistem tənqidi qəbul etmir. İranda tənqid yalnız o vaxt keçərlidir ki, sən ABŞ-ı, İsraili tənqid edəsən. Sistemi tənqid edəndə sən dərhal “xəyanətkar” olursan. Pezeşkianın dünən başına gələn də budur. Korrupsiya isə sistemin səhvi deyil, sistemin özüdür. Pezeşkian deyir ki, korrupsiya var. Amma korrupsiya İranda kənar problem deyil. Korrupsiya sistemin işləmə üsuludur. İqtisadi imtiyazlar, kirayə haqları, haqsız qazanc bunlar olmasa, rejimə sadiq adamlar niyə rejimə sadiq qalsın ki? Onlar rejimə ideyaya görə yox, pula görə sadiqdirlər. O cümlədən xalq artıq sözə inanmır. Pezeşkian seçiləndə xalq ümid etdi. Dedi ki, bəlkə bu, nəyisə dəyişər. Bir ildən çox keçdi, heç nə dəyişmədi. Qiymətlər qalxdı, həbslər davam etdi, Evin hələ də doludur. İndi Pezeşkian çıxıb “problem var” deyəndə xalq deyir ki, bunu biz də bilirik, bəs onda sən niyə prezident olmusan? Bəs Pezeşkian qorxaqdır, yoxsa girovdur? Pezeşkian qorxaq deyil. O, sistemin içində qalıb sistemi tənqid etməyə cəsarət edən azsaylı adamlardandır. Bu, İranda asan iş deyil. Amma o, həm də girovdur. O, prezident kreslosunda oturub, amma prezident səlahiyyəti yoxdur. O, xalqa söz verib, amma sözünü yerinə yetirə bilmir. O, “mən xalqın keşikçisiyəm” deyir, amma xalqın keşikçisi ola bilmir. Əsl faciə isə budur ki, Pezeşkian sistemdən şikayət edən prezidentdir. Sistemdən şikayət edən prezident isə artıq prezident deyil, o, müşahidəçidir. Və bir ölkədə prezident müşahidəçiyə çevrilirsə, deməli, o ölkə artıq idarə olunmur, o ölkə sadəcə sürüklənir. Pezeşkiana dünən qışqıranlar bəlkə də başa düşmür, amma onlar əslində Pezeşkiana yox, sistemin özünə qışqırırdılar. Çünki Pezeşkianın çarəsizliyi sistemin çarəsizliyidir.
Şöhrət El-Dəniz
visiontv.az