Yenə ay müzakirələri başladı
Yenə ay müzakirələri başladı
02.05.2022 Kənan Rövşənoğlu Tərəfindən

Əslində, uzun müddət bu barədə demək olar ki, hər il yazı yazan biri olaraq son illərdə sadəcə müşahidə edirəm. Amma bu il bir az da ki müzakirələrin lap şiddətli olduğunu nəzərə alaraq qisa bir açıqlama yazmaqda fayda var.

Hazırda elm inkişaf edib və yerdəki, eləcə də fəzadakı teleskoplar vasitəsilə ayın hərəkətini dəqiq şəkildə bilmək mümkündür. Burada məsələ yerdə ayın kim tərəfindən, nə zaman görünməsi deyil, görünmənin formasıdır. Qurani-Kərim deyir ki, ayı gördükdə Ramazan başlayır, yeni ay gorundukdə bitir. 

Amma indi elm inkişaf edib və buna görə də islam alimləri bu görünmə ilə bağlı fərqli təfsir verirlər. Bəzi müsəlman ölkələri yeni ayın hilalının planetin hər hansı bir nöqtəsində görünməsi əsasında bayram edir. Yəni məsələn, bu gün uzaq Yeni Zelandiya və ya Latın Amerikası ərazisində ay görünsə bu bayram elan etmək üçün kifayətdir. Bəzi İslam ölkələrində və islam alimlərinə görə isə ayın klassik mənada həmin yaşayış məntəqəsində görünməsi şərtdir. Yəni klassik mənada Quran üslubu ilə. Yəni məsələn, Azərbaycanda bayram etmək üçün ölkəmiz ərazisində ay hilalı görünməlidir. Hətta bu görünmənin adı gözlə və ya astronomik hesablama əsasında baş verməsi ilə bağlı da fikir ayrılıqları var, üləmaya görə.

Bu məsələ ilə bağlı məzhəblərin baxış fərqini ona görə yazmadım ki, hətta eyni məzhəbdə olan ölkələr və ya alimlər arasında bu mövzuda fikir ayrılığı var. Yeni məsələ məzhəb fərqi deyil, ayın görünməsi ilə bağlı hökmlərdə olan fərqdən qaynaqlanır.

Kənan Rövşənoğlu

Visiontv.az