Şərurlu İsfəndiyarla bağlı məhkəmə istintaqı yekunlaşıb
15.12.2025

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib.

Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, iş üzrə buna tənqidi hal kimi yanaşılıb. Təqdim edilən rəydə dələduz sözünə toxunulmayıb, təhqiqat aparılmayıb. Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə heç nə yazılmayıb.

Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru hazırda dövlətə xəyanətdə təqsirləndirilən Ramiz Mehdiyev vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında əlaqənin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. O, rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edib.

Müdafiə tərəfinin vəkili Ülvi Nəsibli bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır.

Vəkil Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə olmayıb.

Təqsirləndirilən İsfəndiyar Axundov isə Ramiz Mehdiyevlə əlaqəsinin olmadığını vurğulayıb: "Ümumiyyətlə, Ramiz Mehdiyev söhbətinə gəldikdə isə bu işlə DTX məşğuldur. Lazımi şəxslərin qanuni cəzası veriləcək. Biz onlardan çox bilmirik".

Vəkil Asim Abbasov bildirib ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib və o zaman Ramiz Mehdiyev vəzifədə olub.

Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs özü, həm də övladı onlarla danışıqlara gedib və razılaşma ilə bağlı zənglər edilib: "Bununla bağlı qeydlər də var. Bizim tələbimiz sizin etdiyiniz səhvin etiraf edilməsidir".

Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb və vəsatətə yekun məhkəmə aktının çıxarıldığı zaman qiymət veriləcəyini bildirib.

Həmçinin məhkəmə əvvəlki prosesdə vəkil Asim Abbasovun rəyi verən mütəxəssisin dindirilməsi ilə bağlı verdiyi və baxılmamış saxlanılan vəsatətə münasibət bildirib.

Məhkəmə sözügedən vəsatəti təmin etməyib.

Daha sonra sənədlər tədqiq edilib.

Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Xüsusi ittiham qaydasında iddia qaldıran Emil Səməndərovun vəkili çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi 22 dekabra təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.