XİN rəhbəri: Azərbaycan regionda hərbi əməliyyatlar fonunda humanitar prinsiplərə sadiqdir
01.05.2026

1 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eggeri qəbul edib.

XİN-dən  veilən xəbərə görə, görüş zamanı  Azərbaycan ilə Beynəlxalq Qırmızı  Xaç Komitəsi arasında əməkdaşlığın uzunmüddətli və etimada əsaslanan xarakter daşıdığı vurğulanıb, tərəflər arasında mütəmadi təmasların davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Beynəlxalq  Qırmızı  Xaç Komitəsinin regionumuzda həyata keçirdiyi humanitar fəaliyyətlər müzakirə edilib, Azərbaycanın bu addımlara göstərdiyi dəstəyin önəmi vurğulanıb.

Nazir  Ceyhun  Bayramov regionda gərginlik və hərbi əməliyyatlar fonunda  Azərbaycanın hər zaman humanitar prinsiplərə sadiq qaldığını, o cümlədən İranda hərbi əməliyyatların davam etdiyi dövrlərdə bu ölkəyə humanitar yardımların göstərildiyini diqqətə çatdırıb.

Müasir dövrdə silahlı münaqişələrin əsasən mülki əhali üçün ağır nəticələr doğurduğu bildirilərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinin artırılmasının vacibliyi qeyd edilib. Bu kontekstdə, Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa verdiyi önəm, habelə bu prinsiplərə daim riayət etdiyi xüsusi vurğulanıb.

Görüşdə həmçinin post-münaqişə dövründə regionumuzda sülh və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar müzakirə edilib. Nazir Ceyhun Bayramov Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

visiontv.az