Xəyallarımın xanımı
29.05.2026

Dostlar, mən eşitdiklərimi, oxuduqlarımı, gördüklərimi hekayə kimi yazmağı və öz adımdan danışmağı sevirəm. Oxucular, hətta bəzi həmkarlar inanırlar, elə bilirlər ki, mən xatirə yazıram, öz başıma gələnləri danışıram. Olsun, təki "bizim xəyalplov bir az yağlı olsun"...

Deməli, 90-cı illərin əvvəli idi, köhnə avtovaqzal hələ işləyirdi, sərnişin qəbul edirdi. Mehdi Hüseynzadənin heykəli ətrafında babat bir “talkuçka” fəaliyyət göstərirdi. Yeri gəlmişkən, onda bütün Bakı böyük bir “tolkuçka” idi. Həmkarlar bilir, həmin vaxtlarda Azərbaycanda “dozakl” problemi vardı, bu problemi aşa bilməyən qəzetlər çıxmırdı. Mən də işini itirən bir jurnalist kimi, müvəqqəti Rusiyaya getmisdım, yaşayırdım, işləyirdim, Azərbaycana arabir gəlirdim.

Söz yerinə düşər deyirlər, 90-cı illər idi, onda da yaz idi və mən Bakıda idim. Rusiyaya da mallar Türkiyədən gətirilirdi və Azərbaycanda daha ucuz idi. Ayaqlarım, ya xəyallarım məni köhnə avtovağzal ərazisinə gətirdi, Mehdi Hüseynzadənin heykəli ətrafında olan “talkuçka”nı gəzməyə başladım. Amma həmişə olduğu kimi, xəyallarımın arxasınca getdim...

Xəyallarımın xanımı cavan deyildi, 3-cü onilliyi yola verirdi, amma “talkuçka”nı yaşlı xalası ilə gəzirdi. Sizə xəyal deyirəm, özum elə bil ki, şirin yuxu görürəm... Vaytls: 90-60-100 - "keçmə yanımdan - şok vurar səni, baxma dalımdan - tok vurar səni"... Məni qınamayın, cavanlıq subaylıqdan böyük sultanlıqdır, hansı xəyalı istəyirsən, onun dalınca gedirsən....

Nəhayət, xanım avtovağzala gəldi və xalasını ... avtobusuna mindirdi. Təbii ki, xaladan sonra mən yaxınlaşdım və özümü təqdim etdim. Təqdimat uğurlu alındı, xanım məni “talkuçka”da nişanlamışdı, yoxsa mənim avtovağzalda nə işim vardı... Bir az şəhəri gəzdik, Bakı bulvarına baş çəkdik, gəmi səyahəti etdik. Mən də çoxdan Bakıda yox idim, gəmiyə minmirdim, fürsətdsən istifadə etdim...

Nəhayət... “Vosmoy”a getdik, "Neftçilər"də 1 manatlıq taksiyə mindik. Taksidən düşəndə xanımdan ayrıldım... Qonşular məhlədə oturmuşdular, salamlaşdım, sakitcə 5-ci mərtəbəyə qalxdım. Bir azdan qapı tıqqıldadı, xanım içəri adladı. Evdə hazır “5 ulduz” konyakım, qara “Assorti” şokoladım vardı. Şokoladla konyak da məlum olduğu kimi, bir arabaya qoşulan iki cins at kimi yaxçı gedir. Xanıımla bu arabada səhərə kimi getdik, bütün dünyanı seyr etdik. Səhər işim çox idi, xanımı taksiyə mindirib evinə yola saldım, amma “iş vəsiqəsi”ni aldım, dedim “sabah gələndə verərəm”. Deyəsən, "Təcili yardım"da işləyirdi...

Gecə səhərə kimi işlədim, “Ədəbiyyat” qəzeti üçün hekayə yazırdım. Səhər saat 10 radələrində qapı döyüldü. Soruşmadan açdım, elə bildim ki, xanımdır. Amma qapıda boylu-buxunlu, kürən bir adam durmuşdu, saçları hərbçi kimi qısa vurulmuşdu. “Şeytana lənət” dedim, adamı içəri dəvət etdim, keçdi. Kofe təklif elədim, içdi. Dedi “mən zabitəm, Qarabağda döyüşürəm, bu qızı almaq istəyirəm”... Hekayə-zad yadımdan çıxdı, adam məni yaman yerdə yaxalamışdı... “Biz bu qızla bir rayondanıq, bir məktəbdə oxumuşuq. Sonra qız ”med.sestra” olub, mən könüllü cəbhəyə getmiçəm, ayrılmışıq. Mənim yanıma bir neçə dəfə cəbhə bolgəsinə gəlib, bir yerdə yaşamışıq, evlənməyi qərara almışıq”...

Mənim matım-mutum qurumuşdu, dedim “Allah xoşbəxt eləsin”, soyuducudan konyak (yarısı qalmışdı), şokolad gətirdim, bəylə gəlinin sağlığına içdik. Sakitcə xanımın “iş vəsiqəsi”ni verdim. Adam aldı və cibinə qoydu. Sonra tünd bir kofe içdik, xudafizləşdik, getdi... Mən Rusiyada yaşayıb-işləyən adam idim, amma bu qədər "azad məhəbbəti" orda da görməmişdim...

Qalib ARİF

visiontv.az