Azərbaycan və Qarabağı təmsil edək.
İndi ölkə vətəndaşı və azərbaycanlı olan hər kəsin həyat kredosu budur. Çünki bu, millətin, dövlətin təqdimatı, milli ideoloji işin tərkibidir, milli-mənəviyyat məsələsidir. Və hər bir Azərbaycan vətəndaşı bu prosesdə rol almaqdan məmnum olar.
Yəqin ki, “Qarabağ” Futbol Klubunun geyim təminatçısı, ölkənin milli idman brendi, İL'AZERO şirkəti “Xarı bülbül” voleybol komandasını təsis edəndə məhz belə düşünüb. Əslində məqsəd və amal böyükdür. Elə hədəf də. Şuşada, Qarabağda siyasi, mədəniyyət tədbirlərinə paralel, həm də beynəlxalq idman, məsələn, Cıdır düzündə voleybol turnirləri keçirmək. Dünya idmanının simalarını Qarabağa gətirmək, onlara Azərbaycan reallıqlarını anlatmaq, göstərmək...
İdman, mədəniyyət və incəsənət əslində həm də siyasət, ideoloji işdir. Siyasi arenalarda mübarizə aparan dövlətlərə, xalqının beynəlxalq ictimai rəyə təqdim etməsi üçün yaxşı fürsətdir.
Qarabağın işğaldan azad edilməsindən sonra məhz bu mühit yaranıb Azərbaycan üçün. Məqsəd həm dövləti, həm də dövlət üçün can fəda edənləri dünyaya tanıtmaqdır. “Xarı Bülbül” komandası bu mənada yaxşı bir missiyanı öz üzərinə götürüb.
... “Xarı Bülbül” voleybol komandasının üst geyimlərində, Qarabağ savaşında şəhid olan döyüşçülərin adları həkk olunub.
Geyimlərin hər birində milli ornamentlər, elementlər var. Bu əslində, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva nümunəsindən alınan dərsdir. Diqqət edilsə, bütün beynəlxalq tədbir və görüşlərdə birinci vitse-prezident milli ornamentli geyimlərdən istifadə edir.
...”Xarı bülbül” komandasının loqosu da diqqət çəkir. Loqonun üzərində 44 günlük vətən savaşında şəhid sayı, Azərbaycanın dövlət bayrağı, xarı bülbül gülü təsvir olunub. Başqa bir özəllik, hər uğurda və ya fasilədə, oyunçuların əl, əl üstə qoyub, “güc-lü-ol!” şüarı ilə bağlıdır. Oyunçular, həmin şüarı hər dəfə, işğaldan azad olunan bir Azərbaycan şəhərinin adını səsləndirməklə əvəzləyirlər ki, bu da yetərincə diqqət çəkir.
Bu arada qeyd edək ki, komandanın heyəti də maraqlıdır. Əslən Kəlbəcərdən, Şuşadan, Qubadlıdan, Təbrizdən, Türkiyədən, Avropa ölkələrindən, Rusiyadan, Dağıstandan olan oyunçular... Yəni bütün CənubiQafqaz, Qarabağ. Şərqi Zəngəzur maraqlıları...Yəni "Xarı bülbül" əslində Azərbaycana bənzəyən komandadır...
Yəqin gün gələr bir idman mütəxəssisi, idman brendi sahibi, İlqar İmanquliyevlə, ixtisasca həkim Fatimə Hacıyevanın gördüyü çox uğurlu işə, dövlətini yüksək səviyyədə təmsil etmək arzusuna qoşulanlar da olar. Çünki bu proyekt Azərbaycan Voleybol Federasiyasının bu günü və gələcəyi üçün də böyük faydalar verməkdədir. Bu sıralarda federasiyaya paralel idman sahəsi ilə məşğul olan dövlət qurumlarını da yəqin ki, görəcəyik.
İndiliksə gənc komandanın bütün təlabatı fərdi və o qədər də böyük olmayan biznes qazancı hesabına həll edilir. Ancaq bir mərhələdən sonra bu səviyyədə və düşünülmüş milli idman brendinə, komandasına “Xarı Bülbül”ə yəqin ki, dövlətin də mənəvi dəstəyi mütləq gərək olacaq. Azərbaycanı futbolda “Qarabağ” klubu, voleybolda “Xarı Bülbül” dünyanın idman arenalarında ən yüksək səviyyədə təmsil edəcək.
Niyəsə buna inanıram. Çünki hər birimizin uşaqlığının mənəvi yarası, Qarabağı sağaldan gücə inanmaq, Azərbaycan vətəndaşının həm də mənəvi və şərəf məsələsidir.
Jalə Mütəllimova
Visiontv.az