İranda rejissor Cəfər Pənahiyə qiyabi həbs cəzası kəsilib
05.12.2025

İran tanınmış kinorejissor, azərbaycanəsilli Cəfər Pənahini bir il qiyabi həbsə məhkum edib. Onun ölkədən çıxışına isə iki illik qadağa qoyulub.

Pənahi "sistemə qarşı propaqanda fəaliyyəti"ndə təqsirli bilinib. Bu haqda onun vəkili Mustafa Nili X platformasında yazıb. Vəkil hökmdən apellyasiya şikayəti veriləcəyini bildirib.

C.Pənahi isə dekabrın 1-i axşam Nyu-York şəhərinə çatıb. O, "Sadəcə qəza idi" filminə görə "Qotem" Mükafatı mərasimində üç mükafat alıb. Bu film bu ilin mayında Kann Festivalında "Qızıl Palma" mükafatına layiq görülmüşdü.

Kinorejissor hökmü şərh etməyib. AP onun İrana qayıdacağının da bilinmədiyini yazır.

65 yaşlı Pənahi son 20 ildə dəfələrlə həbs olunub, səyahət qadağası ilə üzləşib, ev dustağı edilib. O, "Sadəcə qəza idi" filmini İranda gizli çəkib. Bundan öncə isə yeddi ay həbsdə yatıb. O, filmin süjetini digər məhkumların hekayətləri üzərində qurduğunu deyir. Bu, bir qisas dramıdır. Bir qrup keçmiş məhbus onlara həbsxanada işgəncə verən kişini tapdıqlarını düşünürlər. Amma həbsdə gözübağlı olduqlarından bundan əmin olmaq istəyirlər.

Fransa bu filmi "Oskar" mükafatına təqdim edəcəyini bildirib.

visiontv.az