Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfər zamanı Aleksandr Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.
Məlumatda bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib.
Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.
Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.
Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.