Ukraynadan müharibəyə getməyən və Astana hava limanında dörd ay qalan çeçen Ermənistana uçub
23.04.2026

Ukraynada müharibəyə qayıtmamaq üçün Rusiyadan qaçan və dekabrın sonundan bəri Astana hava limanının tranzit zonasında qalan etnik çeçen Zelimxan Murtazov aprelin 20-də Yerevana uça bilib. Bu haqda onun qardaşı Turpal Murtazova istinadən "Vot Tak" nəşri xəbər yayıb.

"Dörd ay tranzit zonada qaldıqdan sonra Zelimxanın özünü necə hiss etdiyi aydındır. Deyir ki, adi həyata alışmağa çalışır, günəş altında oturur, zarafatla deyir ki, D vitamini qəbul edir", – qardaşı söyləyib.

Bununla belə, o, Ermənistanın Çeçenistan mənşəli Rusiya vətəndaşları üçün tam təhlükəsiz olmadığını da vurğulayır, məişət zorakılığından qaçıb Yerevana sığınan Ayşat Baymuradovanın orada öldürülməsini yada salır.

Türkiyədən deportasiya edilib

Murtazov Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı hərbi müdaxiləyə qarşı çıxsa da, müharibəyə aparılıb, orada səngər qazıb. "Kavkaz.Realii" ilə söhbətində o, heç kimi öldürmədiyini və atəş açmadığını deyib.

2025-ci il oktyabrın 20-də məzuniyyətə buraxılan Murtazov beş gün sonra Qazaxıstana qaçıb, orada bir neçə ay kirayədə yaşayıb. Dekabrın sonunda Türkiyəyə yollanıb, ancaq orada saxlanılaraq dindirilib. İki gün sonra xarici pasportu alınıb və deportasiya edilib. Dekabrın 26-da Astanaya qayıdan Murtazov o vaxtdan Qazaxıstan paytaxtının hava limanında məskunlaşmışdı.

Zelimxan Qazaxıstanda sığınacaq almaq istəsə də, ölkənin sərhəd xidməti milli təhlükəsizlik maraqlarını əsas gətirərək onun girişinə icazə verməyib. Hüquq müdafiəçiləri onun sığınacaq müraciətinin lazımi qaydada araşdırılmadığını bildirirlər.

Murtazovun sözlərinə görə, ona Ermənistan, Belarus və ya Qırğızıstana uçmaq təklif olunub, lakin o, Rusiyaya təhvil verilmə riski səbəbindən bu marşrutları təhlükəli sayıb.

Mansur Movlayev

Mansur Movlayev

Çeçen fəalın məhkəməsi gedir

Zelimxan Qazaxıstan hakimiyyətinin sığınacaq vermədiyi yeganə çeçen deyil. 2025-ci ilin mayında Almatıda Rusiyanın sorğusu əsasında çeçen fəal Mansur Movlayev saxlanılıb. Vəkilləri onun Çeçenistan rəhbərliyini tənqid etdiyi üçün təqib olunduğunu bildirirlər.

Yanvarın sonunda Qazaxıstan Baş Prokurorluğu Movlayevin ekstradisiyası barədə sorğunu təmin edib. Ancaq fevralın 23-də BMT-nin İnsan Hüquqları Komitəsi Movlayevin şikayətini qeydiyyata alaraq işə baxılanadək onun Rusiyaya verilməməsini tövsiyə edib.

Hazırda Movlayev Almatıdakı istintaq təcridxanasında saxlanılır, işi üzrə məhkəmə davam edir.

Rusiyada 144 hərbçi xidmətdən qaçaraq qətl törədib

Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayandan azı 144 rusiyalı hərbçi xidmət yerini özbaşına tərk edərək qətl törədib. Bu barədə AzadlıqRadiosunun rus xidmətinin "Sever.Realii" layihəsi Rusiya məhkəmələrinin rəsmi məlumatlarına istinadən xəbər verir.

Artıq 105 cinayət işi üzrə yekun hökm çıxarılıb və təqsirləndirilən şəxslər 8 ildən 13 ilədək azadlıqdan məhrum ediliblər. Bəzi işlər isə müttəhimlərin ölümü və ya "məhkəmə prosesində iştirakının qeyri-mümkünlüyü" səbəbindən dayandırılıb.

Bundan əvvəl "Frontelligence Insight" OSINT layihəsi 2025-ci ildə Rusiya ordusunda dezertirlik səviyyəsinin əvvəlki illə müqayisədə iki dəfə artdığını açıqlamışdı.

Rusiyanın bir çox regionunda sakinlər Ukraynadakı döyüşlərdən qayıdan şəxslərin şəhərlərdə kriminogen vəziyyəti pisləşdirməsindən, xüsusilə ağır cinayətlərin çoxalmasından narahatdırlar.

visiontv.az