Bakı Slavyan Universitetində Mirzə Qədim İrəvani irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
23.04.2026

Bakı Slavyan Universitetində (BSU) fəaliyyət göstərən Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzi və "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin birgə təşkilatçılığı ilə görkəmli rəssam Mirzə Qədim İrəvani irsinə həsr edilmiş elmi-praktik konfrans baş tutub.

​Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Universitetin Elmi Şurasının katibi Dürdanə Hümbətova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə təsdiq olunmuş "Qərbi Azərbaycana Qayıdış" konsepsiyasında mədəni irs amilinin müstəsna yer tutduğunu vurğulayıb. O, yetişməkdə olan gənc nəslin bu cür tarixi və mədəni əhəmiyyət kəsb edən layihələrə cəlb olunmasının zəruriliyini xüsusi diqqətə çatdırıb.

​"Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin sədri Lalə Sərdarlı çıxışında layihənin icrasına göstərdikləri tərəfdaşlıq dəstəyinə görə BSU-nun rektoru Anar Nağıyevə və Qərbi Azərbaycan Elmi Tədqiqat Mərkəzinə minnətdarlığını bildirib. Sədr təmsil etdiyi təşkilat tərəfindən bu günədək mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr barədə konfrans iştirakçılarına qısa məlumat verib.

Daha sonra Naxçıvan Rəssamlar İttifaqının sədri, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü, millət vəkili, əməkdar rəssam Ülviyyə Həmzəyeva Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edib. O, rəssamın irsinin yaşadılması istiqamətində ölkə başçısının "Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə əlaqədar sərəncamı"ndan irəli gələn vəzifələr və bu sahədə görülən işlər haqqında ətraflı məruzə ilə çıxış edib.

Azərbaycan Milli İncəsənət Muzeyinin Bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı, əməkdar rəssam Natiq Səfərov Mirzə Qədim İrəvaninin bizə gəlib çatan əsərlərinin bərpası prosesindən, bu sənət nümunələrinin gələcək nəsillərə çatdırılması üçün görülən peşəkar bərpa işlərindən danışıb.

Layihənin rəhbəri, araşdırmaçı tətbiqi sənət ustası İsgəndər Sərdarlı tədqiqat zamanı üzə çıxan maraqlı elmi faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Mirzə Qədim İrəvani nəinki Azərbaycanda, bütövlükdə Şərq-İslam aləmində heç bir Avropa məktəbindən faydalanmadan, məhz özünəməxsus dəsti-xətti ilə şərti təsvirdən realizmə keçid edən ilk rəssamdır.

İctimai Birliyin Sənətdə Yeni Texnologiyalar və İnnovasiyalar Departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Toğrul Sərdarlı isə gənclərə Mirzə Qədim İrəvani dövründəki texnoloji irsdən bəhs edərək, müasir texnologiyalarla mədəni irsimizin uğurla yaşadılmasının mümkünlüyündən danışıb.
Konfrans zamanı çıxışçılar tələbələrin çox maraqlı suallarını da cavablandırıblar.

Qeyd edək ki, konfrans Azərbaycan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı əsasında "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyinin gerçəkləşdirdiyi "Mirzə Qədim İrəvani irsinin işığını paylaşaq" adlı layihə çərçivəsində keçirilmişdir.

visiontv.az