ABŞ-a girişinə əvvəlki illərdə qadağa qoyulmuş 19 ölkədən olan şəxslər üçün “Green Card” da daxil olmaqla, bütün immiqrasiya müraciətləri dayandırılıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Məlumatda bildirilib ki, bu addım iki Milli Qvardiya əsgərinin atəşə tutulmasından sonra genişmiqyaslı immiqrasiya dəyişikliklərinin bir hissəsi kimi həyata keçirilir.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) tərəfindən yayımlanan siyasət memorandumuna görə, bu addım həmin ölkələrdən olan miqrantların “Green Card” müraciətləri və təbii vətəndaşlıq prosesi daxil olmaqla bir sıra immiqrasiya qərarlarını müvəqqəti dayandırır.
Dayanmanın nə vaxt qaldırılacağı agentliyin direktoru Cozef Edlovun qərarına bağlıdır.
İyun ayında administrasiya milli təhlükəsizlik səbəblərinə əsaslanaraq 12 ölkənin vətəndaşlarının ABŞ-a səyahətini qadağan edib və 7 digər ölkədən gələnlər üçün giriş məhdudiyyətləri tətbiq edib.
Qadağa tətbiq edilən ölkələr Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən, məhdudiyyət tətbiq edilən ölkələr isə Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesueladır.