Tehran ABŞ-la razılaşmada Livan müharibəsinin dayandırılmasını istəyir
08.05.2026

Gunaz TV-nin yaydığı məlumata görə, ABŞ ilə İran arasında danışıqlar davam etdiyi bir vaxtda İsrail mediası Tehranın Vaşinqtonla mümkün razılaşmaya Livandakı toqquşmaların dayandırılması və İsrail ordusunun Hizbullaha qarşı əməliyyatlarının məhdudlaşdırılması məsələsini də daxil etməyə çalışdığını yazıb.

Ynet-in məlumatına əsasən, İran rəsmiləri ABŞ ilə dolayı danışıqlarda İsrailin Livan və Hizbullah mövqelərinə hücumlarının dayandırılmasını tələb ediblər. Bu məsələ isə İsrail ordusu və təhlükəsizlik qurumlarının ciddi etirazı ilə qarşılaşıb.

İsrailli analitiklər və hərbi komandirlər xəbərdarlıq ediblər ki, Livanda hərbi əməliyyatların dayandırılması Hizbullaha qarşı əldə edilən “uğurları” təhlükəyə ata bilər. İsrail rəsmiləri hesab edirlər ki, Hizbullah silahsızlaşdırılana qədər ordunun hazırkı mövqelərdə qalması vacibdir.

Son həftələr ABŞ İranla danışıqlarla paralel şəkildə İsrail və Livan arasında kövrək atəşkəsi qorumağa çalışır. Bununla belə, bəzi israilli rəsmilər İranın Livan məsələsindən nüvə və regional danışıqlarda təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını bildirirlər.

visiontv.az