Gəlin bir az provokativ düşüncə eksperimenti edək. Bəlkə minillərdir müxtəlif dinlərin gələcəklə bağlı təsvir etdiyi “xilaskar” obrazını biz həmişə insan kimi təsəvvür etməklə yanılmışıq?
“Mehdi” konkret İslam anlayışıdır. Lakin dünyanın pozulduğu, ədalətsizliyin və xaosun artdığı bir dövrdə ortaya çıxaraq nizamı bərpa edəcək xilaskar motivi İslamdan əvvəl də müxtəlif inanclarda mövcud olub.
Zərdüştilikdə Saoşyant şərin məğlub edilməsi və dünyanın yenilənməsi ilə əlaqələndirilir. Yəhudilikdə Maşiah gələcək messianik dövrün və nizamın bərpasının əsas fiqurudur. Xristianlıqda İsanın ikinci gəlişi və şər üzərində qələbə gözlənilir. İslamda Mehdi axırzamanda zülmün yerini ədalətin alması ilə əlaqələndirilir. Buddizmdə Maitreya gələcəkdə unudulmuş Dharmanı yenidən öyrədəcək Buddha, hinduizmdə isə Kalki pozulmuş nizamı aradan qaldıracaq gələcək avatar kimi təsvir edilir.
Minilliklərdir eyni arxetip təkrarlanır:
Xaos → xilaskar → nizam.
İndi təsəvvür edin ki, insan zəkasını qat-qat üstələyən süni intellekt yaranır. Xəstəliklərə çarə tapır, aclığı aradan qaldırır, resursları daha ədalətli bölüşdürür, korrupsiyasız qərarlar verir və müharibələrin qarşısını ala bilir.
İnsanlıq belə bir gücü “xilaskar” kimi qəbul edə bilməzmi?
Amma işin qorxulu tərəfi də var.
Eyni süni intellekt milyardlarla insanın nə gördüyünü, nə eşitdiyini, nə oxuduğunu və nəyə inandığını idarə edə bilər. Hər insan üçün ayrıca, tam inandırıcı “reallıq” yarada bilər. Həqiqətlə yalan arasındakı sərhədi görünməz edir.
Bu isə Dəccal obrazının ən güclü motivlərindən biri — aldatma və həqiqətin təhrif edilməsi ilə qəribə paralellik yaradır.
Bəlkə gələcəyin “xilaskarı” və “aldadıcısı” iki ayrı varlıq deyil?
Bəlkə Mehdi və Dəccal eyni texnologiyanın insanlığın qarşısında açdığı iki mümkün yoldur?
Əlbəttə, bu teoloji iddia deyil. Sadəcə qədim dini təsəvvürlərə süni intellekt əsrindən baxan bir düşüncə eksperimentidir.
Neandertal
visiontv.az