Sistani niyə Xameneiyə qarşı idi?
14.07.2026

Sistaninin qohum-əqrəbası niyə Xameneinin dəfn mərasimində passiv iştirak ediblər?

İranın ölkəmizdəki “xüsusi nümayəndələri” Xameneinin cənazə namazını Ayətullah Sistani həzrətlərinin qıldırması ilə əlaqədar Qum üləmasının heç bir gözləntisi olmadığını bildirirlər. Çünki onun sağlamlığının buna imkan vermədiyi Qum üləmasına da bəlli imiş və onlar guya boş gözləntiyə yuvarlana bilməzlərmiş. Farslar demişkən, xeyli xub. Amma məsələ burasındadır ki, Sistaninin oğlu Məhəmməd Rza Sistaninin Əli Xameneinin ofisinə yazdığı məktub tamamilə başqa versiyaları ağla gətirir.

Rəsmi məlumata görə, oğul Sistani sözügedən məktubu Xameneinin ofisinə göndərib. Məktubda yazılıb: “Atamın fiziki və sağlamlıq vəziyyəti ona Əli Xamenei ilə vida mərasimində iştirak etməyə və cənazəsi üzərində namazı qıldırmağa imkan vermir”.

Sual oluna bilər: Qum üləmasına və İran dini liderinin ofisinə Sistaninin sağlamlıq durumu gün kimi aydın idisə, Məhəmmədrza əfəndi niyə bu izahatı vermək ehtiyacı hiss edib?

Üstəlik, İranın bəzi media orqanlarının yazdığına görə, oğul Sistani atasının cənazə namazını qılmaq istədiyini, amma səhhətinin buna imkan vermədiyini yazıb. Deməli, heç də bir çoxlarının düşündüyü kimi, Sistani həzrətlərinin 10 ildən artıqdır ki, heç kimin cənazə namazını qıldırmadığı barədə mülahizələr yalnışdır. Əks halda, Məhəmmədrza əfəndi atasının bu namazı qıldırmaq arzusundan bəhs etməzdi.

Dini liderə yaxınlığı ilə seçilən “Keyhan” qəzetinin bildirdiyinə sözlərinə görə, Xameneinin cənazəsi üzərində namazı Ayətullah Məhəmməd Səid Hakimin qardaşı Məhəmməd Təqi əl-Həkim qılıb. Yəni Xameninin cənazə namazında Sistaninin iki oğlu iştirak etsə də, namaza imamlıq edən onlar olmayıb.

Maraqlıdır ki, yenə yarı-rəsmi media orqanları Seyid Əli Sistaninin kürəkəni və İrandakı nümayəndəsi Cavad Şahrestaninin də Tehrandakı dəfn mərasimində və cənazə namazında iştirak etmədiyini vurğulayıb. Əcəba niyə?

Doğrusu, Sistani ağanın evindən 100 metr aralıda yerləşən İmam Əli məqbərəsinə gedəcək qədər xəstə olduğuna dair heç bir məlumata malik deyiləm. Əksinə, mənim bildiyim odur ki, 2004-cü ildən bu yana İmam Əlinin məzarının açarı Sistani ağadadır və Ayətullahi-Uzma zaman-zaman bu məbədgahı ziyarət edir.

Bununla belə, müxtəlif media orqanlarında dərc olunan belə məlumatları əsaslı saymadığımdan mübahisəni də genişləndirmək istəmirəm. Ona görə ki, Sistani həzrətləri ilə Qum üləması arasında ideoloji fərqliliklərin isbatı üçün Nəcəf hövzəsinin dini liderinin Xameneinin dəfnində iştirak edib-etməməsi məsələsi belə kiçik və mübahisəyə açıq dəlildir. Ortada daha ciddi dəlillər var.

Bu dəlillərin başında Qum hövzəsi üləması ilə Sistani həzrətləri arasında zaman-zaman yaşanan mübahisələrdir. İlk belə mübahisəyə Xameneinin rəsmi “Keyhan” qəzetindəki nümayəndəsi və eyni zamanda baş redaktoru Hüseyn Şəriətmədarinin 29 sentyabr 2020-ci il tarixində dərc olunan "Hörmət naminə" sərhlövləli məqaləsini göstərmək olar. Ayətullah Sistaninin açıq-aşkar hədəfə alındığı məqalədə onun 16 gün əvvəl - 13 sentyabrda BMT Baş katibinin nümayəndəsi Jeanine Hennis-Plasschaertlə görüşü zamanı verdiyi açıqlamalar sərt tənqid olunmuşdu. Şəriətmədari Nəcəf dini liderini xarici nümayəndələrlə görüşməsini az qala islama xəyanət kimi qiymətləndirmişdi.

Üstəlik, bu onun Sistaniyə ilk dil uzatması da deyildi. 8 avqust 2004-cü ildə Şəriətmədari "Niyə İngiltərə?" başlıqlı məqaləsində Sistaninin İngiltərəyə tibbi səfərini sərt tənqid etmiş, bunu "hesablanmış təxrivat və çoxməqsədli ABŞ-Britaniya planı" kimi təsvir etmiş, ayətullahın dərhal İraqa qayıtmasını tələb etmişdi. Halbuki, Sistanidən əvvəl Cavad Təbrizi kimi bəzi digər İran mərcəyiləri də müalicə üçün Londona getmişdilər. Amma nədənsə Xameneinin “şilləvuran” nümayəndəsi və sözçüsü bu səfərləri görməzlikdən gəlmişdi.

Maraqlıdır ki, Sistaninin özü də Xameneinin bu tip hərəkətlərinə təpkisiz qalmamışdı. O, Şəriətmədarının “şilləvuranlığından” sonra Xameninin yazdığı ən azı 3 məktubu cavabsız buraxmışdı. Bununla sanki onu indiki terminlərlə desək, “iqnor etdiyini” sərgiləmişdi.

Sistaniyə yaxınlığı ilə seçilən Məsih Mühacirinin "Ayətullah Sistani və Yeni İraq" adlı kitabıda iki hövzənin liderləri arasında sərin yellərin əsdiyinə dair məlumatlar var. Müəllif İranda xurafatın yayılması ilə bağlı sualına Sistaninin belə cavab verdiyini nəql edir: "Bu vəziyyəti özünüz yaratmısınız. Həmişə möcüzələrdən danışmısınız. Düşünürəm ki, ölkəni elə bir vəziyyətə gətirmisiniz ki, indi bu problemlərlə üzləşirsiniz".

Mühaciri Sistanidən bu məsələ ilə bağlı mövqe bildirməsini istəyəndə onun cavabı da xeyli ilginc idi: "İranın öz sistemi və başında bir qurucusu var. Mən müdaxilə etməməliyəm". Sistaninin həmçinin İranda siyasi şüara çevrilən "Siyasətimiz dinimizlə, dinimiz isə siyasətimizlə eynidir" “aforizm”inə cavabı da düşündürücüydü: "[Məhəmməd] Behişti İran konstitusiyasını elə tərtib edib ki, yalnız ritual təmizlənmə və dəstəmaz məsələləri dini üləmaya həvalə edilib. Qalan hər şey dövlətin ixtiyarındadır. Bəs nə deyə bilərik?" Aydındır ki, bu ifadələrdə Ayətullah-i Uzma İran dövlətini və Vilayət-e Fəqih sistemini qamçılayırdı.

Xamenei ilə Sistani düşüncəsində fərqli yanaşmalar xüsusilə 2019-cu ilin oktyabr ayında ortaya çıxmışdı. Həmin vaxt İraq gənclərinin üsyanı bütün ölkəni bürüyəndə Sistani gənclərin üsyanını dəstəkləyərək onların tələblərinə uyğun olaraq hökumətin istefasını tələb etsə də, Xamenei üsyanı ABŞ və ərəb dövlətləri tərəfindən təşkil edilmiş təxribat adlandırmış və Bağdaddan onun yatırılmasını istəmişdi. Həqiqətən də Xameneidən aldığı bu əmrlə Həşdi-Şabi qüvvələri İraq gənclərini zorla ram etməyi bacarmışdı.

Sual oluna bilər: İran dini hakimiyyəti BMT nümayəndəsinin Sistani ilə görüşməsinə niyə kəskin qarşı çıxırdı?

Fikrimcə, bu sualın cavabı o dövrdə İraq mediasında dərc olunan xəbərlərdə yatır. Həmin məlumatlara görə, BMT Baş katibinin nümayəndəsi ilə görüşündə Sistani, şəffaflıq və bütövlüyün təmin edilməsi, sosial ədalətin bərqərar olması və dövlət suverenliyinin bərpası, silah üzərində dövlət inhisarı, korrupsiyaya qarşı mübarizə, etirazçıları və sui-qəsdçiləri öldürənlərin cəzalandırılması, ölkənin milli maraqlarının nəzərə alınması və ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün BMT Ofisinin müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə seçkiləri izləməsinin vacibliyini vurğulamışdı. Bu tələbləri nəzərə alsaq, Sistaninin əslində İraqdakı İranpərəst qrupları, daha aydın ifadə ilə desək, SEPAH-ın İraq uzantısı olan Həşdi-Şabini hədəf aldığı məlum olur.

Qısası, çox uzatmaq istəmirəm. Sistanı ilə Xamenei arasındakı düşüncə fərqi region dövlətlərinin suveren hüquqlarına münasibətdən qaynaqlanırdı. Sistani İranın Vəlayəti-Fəqih düşüncəsinin təkcə demokratik haqları deyil, həm də şiə dövlətlərinin müstəqilliyinin qarşısını aldığını düşünür və bacardığı qədər buna qarşı çıxırdı. Xamenei isə bunu öz müstəmləkəçilik siyasətinə qarşı ən ciddi əngəl kimi gördüyündən Sistanini susdurmağa çalışırdı. Necə ki, bəzi İrançı qüvvələr mənim kimi jurnalistlərə belə “Ə, kiri də” demək cəsarəti göstərirlər.

.

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Heydər Oğuz

visiontv.az