“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib
16.06.2026

İyunun 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Samur” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Bu barədə  DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin uğurla icra etdirilməsi ilə yanaşı, ölkənin digər bölgələrində də müasir sərhəd infrastrukturunun qurulması və ən qabaqcıl maddi-texniki vasitələrlə təchiz olunması Prezident, Silahlı Qüvvələrin Müzəffər  Ali  Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə və sərhədçilərə göstərdiyi ali diqqət və qayğı olduğu vurğulanıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev qeyd eqib ki, “Samur” sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsinin məhz “Xudat”  Sərhəd Dəstəsinin yaradılmasının 34-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Tədbir çərçivəsində xidməti-döyüş fəaliyyətində fərqlənmiş bir qrup hərbi qulluqçu təltif edilib, dövlət sərhədlərinin mühafizəsi işinə uzun illər ərzində verdikləri töhfələrə və sərhədçi ənənələrinin yaşadılmasındakı fəaliyyətlərinə görə veteran sərhədçilərə  “Xudat”  Sərhəd Dəstəsinin 34 illik şərəfli xidmət yolunu əks etdirən xatirə albomları təqdim edilib.

Tədbirin rəsmi hissəsindən sonra DSX-nin rəhbərliyi sərhəd komendantlığının inzibati binasında yaradılmış şəraitlə yaxından tanış olub, xidməti mənzillərə baxış keçirib.

visiontv.az