Almaniya məhkəməsi tacik müxalifətçiyə iyulun 1-dək vaxt verdi
16.06.2026

Almaniyadan deportasiya olunmaq təhlükəsi ilə üzləşən tacik fəala məhkəmə iyulun 1-dək vaxt verib. O, Tacikistana qaytarılacağı təqdirdə həbs ediləcəyinə dair məhkəməyə etibarlı sübutlar təqdim etməlidir. Bu iş Avropada sığınacaq tapan Tacikistan müxalifətçilərinin narahatlığını daha da artırıb.

Əsədullo Boboyev Avropada fəaliyyət göstərən "Tacikistanın İslahat və İnkişafı" (Tİİ) müxalif hərəkatının üzvüdür. O, Almaniyanın şimal-qərbində yerləşən Kleve şəhərində müvəqqəti yaşayış icazəsi ilə yaşayırdı. Amma həmin icazənin müddəti artıq başa çatıb.

Boboyev AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı və iki qızının Almaniyada qalmasına icazə verilib. Özü və yetkinlik yaşına çatmış oğlu isə iyunun 8-də miqrasiya təcridxanasına yerləşdirilib və hazırda deportasiya riski ilə üz-üzədirlər.

Prezident Emoməli Rəhmon 1992-ci ildən bəri Tacikistanı sərt üsullarla idarə edir. O, siyasi rəqiblərinə qarşı genişmiqyaslı təzyiq kampaniyası aparıb. Hökumət ölkənin iki əsas müxalif qüvvəsini – Tacikistan İslam İntibah Partiyasını (TİİP) və "Qrup 24" hərəkatını terror təşkilatı elan edərək fəaliyyətinə qadağa qoyub.

Hazırda müxalifətçilərin böyük hissəsi həbsdədir, onlarla insan isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Ekstremizm ittihamı

Saxlanıldığı mərkəzdən telefonla müsahibəsində 54 yaşlı Boboyev bildirib ki, Tacikistan hakimiyyəti ona qarşı ekstremizm ittihamı ilə cinayət işi açıb. Düşənbə rəhbərliyi bu ittihamdan siyasi rəqiblərinə və tənqidçilərinə qarşı tez-tez bir alət kimi istifadə edir.

Tacikistanda Boboyev sosial şəbəkələrdə hökumət əleyhinə kəskin paylaşımları ilə tanınır.

"Almaniya məhkəməsi mənə iyulun 1-dək vaxt verib ki, Tacikistana qaytarılacağım halda təhlükə ilə üzləşəcəyimi sübut edim", –2017-ci ildə ölkədən çıxan Boboyev bildirib.

AzadlıqRadiosu məsələ ilə bağlı Almaniyanın rəsmi qurumlarından hələlik cavab ala bilməyib.

Tİİ-nin rəhbəri Şərofiddin Qadoyev deyib ki, təşkilat Boboyevin hüquqlarını müdafiə etmək üçün vəkil tutub.

AzadlıqRadiosu Tacikistan hakimiyyətindən Boboyevə cinayət işinin açıldığını rəsmən təsdiqlədə bilməyib.

Son illər Almaniya və digər Avropa ölkələrindən deportasiya olunan bir sıra tacik müxalifətçilər və hökumət tənqidçiləri ölkəyə qayıdan kimi həbs edilib, uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Fərqli fikrə görə on illərlə həbs

2024-cü ildə Polşadan deportasiya edilən tacik fəal Fərrux İkromova 23 il həbs cəzası verilib. Onun məhkəmə prosesi qapalı keçirilib, hakimiyyət orqanları bu iş barədə ictimaiyyətə açıqlama verməyib. Müxalifət İkromovun 2023-cü ildə Berlində keçirilən etiraz aksiyasında iştirakına görə hədəfə alındığını iddia edir. O zaman Tacikistan müxalifətinin tərəfdarları Rəhmonun Almaniyaya səfəri zamanı onun kortejinə yumurta atmışdılar.

Hizbullo Şovalizodə

Hizbullo Şovalizodə

Fəaliyyəti qadağan olunmuş TİİP-in üzvü Hizbullo Şovalizodə 2020-ci ildə Avstriyadan deportasiya edilib. Bir neçə ay sonra ona dövlətə xəyanət ittihamı ilə 20 il həbs cəzası kəsilib.

Ötən il Almaniyada yaşayan Tacikistan vətəndaşı Səidəzəm Rəhmonov sənədlərini yeniləmək üçün Düşənbəyə səfəri zamanı saxlanılıb və nəzarət altında olarkən müəmmalı şəkildə ölüb. Ailəsi və yaxınları Rəhmonovun bədənində ağır döyülmə və elektrik cərəyanı ilə işgəncə izləri olduğunu bildiriblər. Mənbələrin məlumatına görə, Rəhmonov dini ekstremizmdə və terror aktı planlaşdırmaqda ittiham olunub. Amma onun hər hansı bir siyasi təşkilatla əlaqəsinin olmadığı vurğulanır.

Dissidentlər qorxu içində

AzadlıqRadiosunun tacik xidmətinin müxbiri Mirzonəbi Xoliqzod yazır ki, Boboyevin Almaniyada saxlanılması mühacirətdə yaşayan digər tacik müxalifətçilərin təşvişini artırıb.

2016-cı ildən Avropada yaşayan "Qrup 24" üzvü İsomiddin Aşurov deyir ki, bir çoxları növbənin onlara çatacağından ehtiyat edir. O, Tacikistana qaytarılacağı halda eyni acı aqibətlə üzləşəcəyindən qorxur: "Tacikistandakı qohumlarım mənə dedilər ki, hüquq-mühafizə orqanları mənim və "Qrup 24" üzvü olan iki əmimin fotolarını yayaraq barəmizdə axtarış elan edib, yerimizi deyənlərə isə pul mükafatı vəd olunub".

Avropadakı müxalif siyasətçi Fərhod Odinayevin sözlərinə görə, Almaniya hökuməti əvvəllər də bəzi tacik sığınacaq axtaranlardan öz ölkələrində onlara qarşı cinayət işi başlandığına dair rəsmi sübut tələb edib.

"Cinayət işinin olmaması həmin şəxsin təqib edilməyəcəyi anlamına gəlmir. Deportasiyadan sonra Tacikistanda həbs edilənlərin çoxunun adı Düşənbənin rəsmi axtarış siyahısında ümumiyyətlə olmayıb", – Odinayev AzadlıqRadiosuna bildirib.

visiontv.az