Rusiyada cəhalətin dövlət siyasətinə çevrilməsi: 37 yaşlı ana 3 azyaşlı övladını onların "qəlbinə iblisin girməsi səbəbindən" boğaraq öldürüb
Rusiyada cəhalətin dövlət siyasətinə çevrilməsi: 37 yaşlı ana 3 azyaşlı övladını onların "qəlbinə iblisin girməsi səbəbindən" boğaraq öldürüb
03.01.2023 Ərəstun Oruclu Tərəfindən

Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin ağır fəsadlarından birinin də ölkədə (Rusiyada) cəhalətin dövlət siyasətinə çevrilməsi olduğu haqda yazmışdım. Xatırladım ki, bir müddət əvvəl Rusiyada ukraynalıların qəlbinə iblisin, şeytanın köç etməsi haqda sərsəm təbliğat başladıldı.

Belə təbliğatın dövlət siyasəti olmasına isə ona ölkənin siyasilərilə (Çeçen kloun-tiktokeri R. Kadırov, Duma deputatları, prezident V. Putin eks-prezident D. Medvedev) yanaşı rəsmi Kreml təbliğatçılarının (V. Solovyov, M. Simonyan və digərləri) da qoşulması açıq işarə idi.

Şübhəsiz ki, mühüm dövlət aləti olan Rus Pravoslav Kilsəsinin (RPK) iştirakı olmadan belə cəhalət təbliğatı ayaqda qala bilməzdi. Elə ona görə də RPK ruhaniləri bu günədək az qala bütün ibadətlərində ölkələrinin və onun "şanlı ordusunun" Ukraynada iblisə, şeytana qarşı savaş apardığını xalqa sırımaqdadırlar.

Nəticələr də artıq var, amma təəssüf ki, hələlik onun qurbanları günahsız insanlar, o cümlədən də körpələrdir. Keçən ilin son günlərində Sverdlovsk vilayətinin Sızran şəhərində baş verən tükürpədici hadisə belə iyrənc təbliğatın fəsadlarının hələ çox olacağına əyani sübutdur.

"Təəssüf ki, hələlik" ona görə yazdım ki, belə təbliğatın qurbanları Putin, Medvedev, Kadırov, Simonyan, Solovyov və mürtəce RPK keşişləri olsaydı buna görə nəinki məyus olmazdım, hətta onu böyük məmnuniyyətlə dəstəkləyərdim və üstəlik geninə-boluna təbliğ də edərdim. Amma dediyim kimi, belə deyil.

Dekabr ayının 26-da gecə Sızran şəhərinin sakini, 37 yaşlı Anastasiya 10 və 15 yaşlı oğlunu, həmçinin 5 aylıq qızını onların "qəlbinə iblisin girməsi səbəbindən" boğaraq öldürüb. Rusiya mediasına inansaq hadisə belə olub: 10 yaşlı oğlunu və 5 aylıq körpə qızını boğaraq öldürən Anastasiya 15 yaşlı oğlu ilə söhbət edib.

Söhbət əsnasında ana 15 yaşlı oğlunu qəlbinə iblisin koş etdiyinə və bu, səbəbdən də ölməli olduğuna inandırıb, sonra isə onu da boğaraq öldürüb. Ardınca qatil ana tanışlarına və qohumlarına mesaj yollayaraq şəhərlərin iblislərlə dolu, onun övladlarının isə artıq cənnətdə olduğunu bildirib.

Oxşar hadisələrdən heç bir ölkə, cəmiyyət sığortalanmayıb, amma belə hadisələrə münasibətin özü toplumda və dövlətdə durumun göstəricisidir. Məsələn, 2001-ci il iyun ayının 20-də 5 uşağını suda boğaraq öldürən Texas sakini Andrea Yeytsin ruhi xəstə olduğu sübuta yetirilib və o qapalı tipli prixiatriya müəssisəsinə yerləşdirilib.

Buna baxmayaraq, hadisə haqqında ABŞ mediasında hüquqşünasların, psixoloqların, psixiatrların yüzlərlə ciddi araşdırma, mülahizə və müzakirələrinə rast gəlmək olar. Axtarış zamanı hadisə ilə bağlı son dərc olunmuş yazıların 2022-ci ilin ortalarına təsadüf etdiyi aydın olur. Yəni, hadisədən düz 21 il sonraya.

Halbuki, elə cinayət törədiləndən bir qədər sonra Andreanın hələ gənc yaşlarından psixotik vəziyyətdən, ailə qurduqdan sonra isə şizofreniyadan və depressiv psixozdan əziyyət çəkdiyi məlum olmuşdur. Yeri gəlmişkən, Andrea da Anastasiya kimi dindar olub. Amma Rusiyanın aparıcı mediası hadisənin üzərindən sükutla keçməyə üstünlük verib.

Bu da anlaşılandır, çünki Sızranda məhv olmuş bir ailə ölkədə din adına aparılan yaramaz antiinsani siyasi təbliğatın qurbanı olub. Görünür, elə bu səbəbdən də Rusiya İstintaq Komitəsi vəziyyətdən çıxış yolunu Anastasiyanın cinayəti törədərkən guya narkotik təsir altında olması barədə məlumatlar sızdırmaqda görüb.

Sual isə budur ki, iblis, şeytan həqiqətən də varmı və onlar insanların qəlbinə daxil olurlarmı? Mənim üçün bunun cavabı aydındır və o, belədir: iblis də, şeytan da var, amma onlar insanların qəlbinə yox, beyninə daxil olurlar. Həmin iblislə şeytanın adı isə dövlət siyasətinə çevrilmiş antiinsani təbliğatdır.

Əminəm ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi tezliklə bitəcək, amma bir şeyə əmin deyiləm: onu başladan, dəstəkləyən və ən çirkin yollarla təbliğ edən cinayətkarların hərbi tribunal qarşısına çıxarılacağına. Necə ki, vaxtilə İraq xalqına qarşı hərbi cinayətlər törətmiş buşlar və çeynilər cəzasız qalmaqdadır.

siyasi şərhçi Ərəstun Oruclu

visiontv.az