Qürbətdə qürubun rəngi
25.06.2026

Hər səfər bir ayrılıqla başlayır, hər qayıdış isə özlüyündə yeni bir köçdür. Doğulduğum, uşaqlığımın və gəncliyimin bütün xatirələrini küçələrində qoyduğum Bakıdan ayrılıb, artıq neçə ildir ki, mənə ev olan, taleyimi bağladığım şəhərə – İstanbula qayıdıram. Təyyarənin pəncərəsindən geridə qalan Xəzərin mavi sularına baxarkən, ruhumun bir yarısının Bakı səmaları kimi mavi və sakit qaldığını hiss edirəm. Lakin qarşıda məni gözləyən başqa bir dəniz, başqa bir səmada alovlanan tamamilə fərqli bir duyğu var. İstanbula yaxınlaşdıqca, zehnimin dərinliklərindən qopub gözümün önünə gələn tək bir təsvir var: Ukraynalı rəssam Mixaylo Demtsyunun (ukr. Михайло Демцю) "İstanbul axşamı" tablosu...

Lvovda yaşayan Olena Gavura adlı bir dostum göndərmişdi bu tablonun şəklini. Niyə məhz bu tablo düşdü yadıma? Çünki qürbət, insanın duyğularını rəssamın kətana vurduğu o qalın, ağır impasto boya qatları kimi lay-lay, ağır və relyefli edir. Bakı mənim üçün doğmalıqdırsa, İstanbul mənim qürbətim və eyni zamanda sığınacağımdır.

Demtsyunun tablosundakı o alovlu qürub rəngləri – sarının ehtirası, narıncının həsrəti və sağ tərəfi bürüyən o qan qırmızı tonlar – elə bil qürbətdə keçən hər bir axşamın daxili çığırtısıdır. İki şəhər arasında sıxışıb qalan bir insanın ruhundakı o od və yanğın, rəssamın palitra bıçağından tökülən boyalar kimi kətanın üzərində canlanır.

Sanat olabilir

Lakin bu vizual yanğının içində belə, böyük Ukrayna yazıçısı Taras Şevçenkonun o kədərli misrası daxildən sızıldayır: "Qürbətdə Günəş qızdırmır". Demtsyunun kətanı nə qədər qaynar, qürub nə qədər alovlu olsa da qürbətin günəşi insanı üşüdür. Bu sətirləri Bakı-İstanbul təyyarəsinin pəncərəsi önündə, göylə yerin arasında yazıram. Enişə İstanbula günəşin batmağa üz tutduğu o qürub dəqiqələrində keçirik; göy üzündəki o vizual yanğının içinden sıyrılıb, aşağıda bizi gözləyən dənizin və axşamın o rahatladıcı sərininə qovuşuruq.

"Bu kətan – sadəcə bir şəhərin mənzərəsi deyil, zamanın içində əriyən bir anın fəryadı və eyni zamanda sakitliyidir. Mixaylo Demtsyu İstanbulu xətt illüziyalarından azad edərək, onu sırf rəngin, işığın və maddənin dili ilə yenidən qurub. Burada dəniz sadəcə su deyil, göy üzündəki yanğının yerə düşən qəlpələridir".

Tablonun tam mərkəzində, qürubun bənövşəyi kölgəsinə bürünmüş o uzaq minarə siluetləri mənə İstanbulun mistik, sirli və həm də insanı bağrına basan o əbədi çöhrəsini göstərir. O siluetlər göy üzündəki yanğının qarşısında necə məğrur və sakit dayanıbsa, qürbətdə yaşayan insan da hər axşam çökməkdə olan o ağır darıxma hissinin qarşısında eləcə dayanmağa məcburdur. Axşam olanda İstanbulun rəngi dəyişir; səmada alovlanan o qırmızı fəryad aşağıya – Boğazın tünd göy, yaşıl və bənövşəyi sularına sızır. Suyun üzərindəki qırmızı rəng qırıntıları, sanki mənim kimi evindən uzaqda olanların ürəyindən qopub dənizə tökülən həsrət qəlpələridir.

Aşağıda, dalğaların qoynunda titrəyən o yaşıl, qırmızı, sarı qayıqlar isə həyatın özüdür. Bütün bu emosional xaosun, bu ağır qürub rənglərinin içində sığınacaq axtaran, dalğalarla mübarizə aparan insan taleləridir. İstanbul məni məhz bu rənglərlə qarşılayır: həm ağrılı bir həsrətlə, həm də heyranedici bir gözəlliklə. İndi mən doğulduğum şəhərdən yaşadığım şəhərə qayıtdıqca, bu qürubun rəngində həm Bakının bu iyun günlərindəki o ağır, bürkülü və qızmar havasını, həm də İstanbulun alovlu ehtirasını daşıyıram. Qürbətdə qürub, sadəcə günün bitməsi deyil, rənglərin dili ilə ruhun yenidən yazılmasıdır.

İbrahim Nəbioğlu

visiontv.az