Yaxın aylarda qlobal ərzaq inflyasiyasının sürətlənəcəyi və bu tendensiyanın 2027-ci ildə də davam edəcəyi gözlənilir. "Reuters" agentliyi bunu müharibələrin dəniz daşımalarında yaratdığı fasilələr və "El-Nino" iqlim hadisəsinin səbəb olduğu quraqlıq ilə izah edir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero bildirib ki, cari ilin sonuna, həmçinin növbəti ilin əvvəlinə doğru və il ərzində qlobal sistemə daha böyük təsirlər gözlənilir.
Agentlik yazır ki, ərzağın bahalanmasından ən çox dünyanın ən yoxsul istehlakçıları əziyyət çəkirlər. Yaxın Şərq, Şimali Afrika və Asiyanın aşağı və orta gəlirli ölkələrində qiymətlər kəskin yüksəlir. Bu ölkələrdə ərzaq xərcləri ailə büdcəsinin daha böyük hissəsini təşkil edir.
Dünya Bankının məlumatına görə, təhlil edilən 150 ölkənin 22 faizində üçüncü rübdə ərzaq qiymətlərinin artım tempi ümumi inflyasiyanı üstələyib. Əvvəlki rübdə isə bu göstərici 14 faiz olub.
Qiymət artımı sosial iğtişaşlar riskini gücləndirir. Digər tərəfdən, əsas ərzaq təchizatçısı olan ölkələr daxili bazarı qorumaq üçün ixraca qadağalar tətbiq edə bilər ki, bu da qıtlığı daha da dərinləşdirər.
visiontv.az