Qaradağda 2 avtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 9 nəfər xəsarət alıb, cinayət işi açılıb
25.12.2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Visiontv.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

***

11.46

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.