SEPAH-a bağlı media orqanı olan Fars Xəbər Agentliyi “İranın neft kartları və ABŞ-la müharibə tənliyi” adlı yazısında açıq şəkildə Azərbaycan Respublikası və Türkiyəni hədələyib. Yazıda bildirilir ki, ABŞ və İsrailin İrana mümkün hücumu halında bu ölkələr Tehranın “legitim hədəflərinə” çevrilə bilər.
Məqalədə bu ssenari “Yaxın şərq Vaşinqtonun bütün müttəfiqlərinə müharibə alovunun yayılması” kimi təqdim olunur. Qeyd edilir ki, İsrail son dövrlərdə Azərbaycan neftindən asılılığını görünməmiş dərəcədə artırıb və Bakı Tel-Əviv üçün həyati əhəmiyyət daşıyan enerji tərəfdaşına çevrilib. Müəllifin fikrincə, bu addım Azərbaycan üçün təkcə iqtisadi risk deyil, həm də “strateji hesablama xətasıdır”.
Fars agentliyi “İranın qabaqlayıcı müdafiəsi” adlandırdığı konsepsiyaya toxunaraq yazır ki, Tehranın yeni strategiyası regional səviyyədə qabaqlayıcı müdafiəyə əsaslanır.
Yəni İrana qarşı istənilən hücum baş verərsə, İran ərazisindən və ya məkanından ona qarşı istifadə olunan ölkələrin hərbi bazaları, həyati infrastrukturu və maraqları hədəfə alınacaq.
Məqalənin digər hissəsində vurğulanır ki, Azərbaycan neftinin Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Türkiyəyə, oradan isə İsrail limanlarına daşınması bu ölkəni “İranın birbaşa hədəf xəttinə” çıxarır.
Bu media orqanı həmçinin iddia edir ki, İsrail Hərbi Hava Qüvvələrinin İran sərhədlərinə yaxın ərazilərdə yerləşən bazalara çıxışı — istər “kəşfiyyat və müşahidə əməliyyatları”, istərsə də mümkün hücum ssenariləri üçün — Azərbaycanı İranın zərbələrinə məruz qalma riskini artıran digər amillərdəndir.
Fars bu mövqeləri “Tehranın Bakı, Ankara və regionun digər paytaxtlarına mesajı” kimi təqdim edir və bildirir ki, hücum olacağı təqdirdə “əsas icraçı” ilə “regional asanlaşdırıcılar” arasında heç bir fərq qoyulmayacaq. Qırmızı xətlərin aşılması ağır nəticələrə səbəb olacaq.
Yazının sonunda açıq şəkildə qeyd olunur ki, “qırmızı xətt çəkilib” və onun keçilməsi Azərbaycan Respublikasını birbaşa “Tehranın atəş meydanına” salacaq.
Politoloq Sadiq İsabəyli
visiontv.az