Qarabağdan 11 nəfər Ermənistana köçürülüb. Bu haqda açıqlamanı Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan verib. "Hazırda Azərbaycanda (Qarabağda) yaşayan 10 erməni və bir etnik rus Ermənistana köçürülmək üçün Azərbaycanın və Ermənistanın müvafiq orqanlarına müraciət edib. Müraciətlər əsasında adıçəkilən şəxslər Ermənistana köçürülüb", – Torosyan Facebook hesabında yazıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan dörd məhbusun Ermənistana qaytarıldığını bildirib.
Gevorq Sucyan, David Davtyan, Viqen Eulcekyan və Vaqif Xaçatryanı Azərbaycan qurumlarının təmsilçiləri Hakkari körpüsü vasitəsilə Ermənistana təhvil veriblər. Onlar hazırda Ermənistan ərazisindədirlər, oradan da Yerevana aparılırlar.
Paşinyanın sözlərinə görə, ilkin tibbi müayinələr Sucyanın, Davtyanın və Eulcekyanın səhhətində problem olmadığını göstərib. 70 yaşlı Xaçatryanın sağlıq durumu da ilkin olaraq qənaətbəxş qiymətləndirilib. Xaçatryanın dekabrın 22-nə keçən gecə ağırlaşmış ürək problemləri ilə Azərbaycan həbsxanasından xəstəxananın reanimasiya şöbəsinə köçürüldüyü bildirilib.
Bu şəxslərə qanunsuz silah saxlama, casusluq, digər ittihamlar irəli sürülüb.
Azərbaycan və Ermənistanın media orqanları bu prosesin Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh sazişinin praktik nəticəsi olduğunu yazırlar.
visiontv.az