İran adlanan ölkənin parlamentinin sədri Məhəmməd Baqir Qalibaf keçirdiyi müşavirədə ölkə daxilində ABŞ-la danışıqlara qarşı çıxan radikal quvvələri sərt şəkildə tənqid edib. O bildirib ki, bu cür yanaşmalar ölkəni çıxılmaz vəziyyətə sürükləyə bilər və mövcud problemləri daha da dərinləşdirir.
Qalibaf çıxışında xüsusilə Səid Cəlili və mühafizəkar deputat Əmirhüseyn Sabiti kimi şəxsləri hədəf alaraq onları ifratçı xəttin daşıyıcıları kimi təqdim edib. Onun sözlərinə görə, bu düşərgə dövlət televiziyasının imkanlarında istifadə edərək mühafizəkar çevrələri səfərbər edir və ABŞ-la mümkün razılaşmaya qarşı müqaviməti gücləndirməyə çalışır.
Eyni zamanda Qalibaf hakimiyyət daxilində gərginliyin artdığını da etiraf edib. O, parlament sədrliyindən uzaqlaşdırılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və xarici işlər naziri Abbas Əraqçi kimi fiqurların da vəzifədən kənarlaşdırıla biləcəyini qeyd edib.
Bu çıxış ölkə daxilində gedən daha dərin siyasi qarşıdurmanın açıq göstəricisi kimi qiymətləndirilir. Bu qarşıdurmalar göstərir ki, “çəhrayi çevriliş” kimi xarakterizə etdiyim proses hansı istiqamətdə inkişaf edəcək. Bir tərəfdə daha praqmatik və danışıqlara açıq xətt, digər tərəfdə isə sərt ideoloji mövqedə dayanan Paydarçılar mövcuddur.
Baş verənlər sadəcə fikir ayrılığı deyil, hakimiyyət daxilində siyasi güc uğrunda mübarizənin kəskin mərhələyə keçdiyini göstərir. Bu qarşıdurmanın nəticəsi isə ölkənin həm daxili siyasi kursuna, həm də xarici münasibətlərinə birbaşa təsir edəcək. Hələ daha maraqlı məqamlarda var.
Sadiq İsabəyli
visiontv.az