Prezident İlham Əliyev G20 Zirvəsinə dəvət alıb: Vaşinqton Bakını orta güc kimi görür?
Prezident İlham Əliyev G20 Zirvəsinə dəvət alıb: Vaşinqton Bakını  orta güc kimi görür?
02.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

ABŞ prezidenti Donald Tramp Prezident İlham Əliyevi Mayamidə keçiriləcək G20 Zirvəsinə dəvət edib. Məncə bu dəvət Trampın yeni dünya nizamında Azərbaycan üçün ayırdığı yeni mövqedir. Zirvə bu ilin əsas sammiti sayılır, çünki Tramp ona şəxsən ev sahibliyi edir və bütün əsas oyunçuları, hətta Putini də dəvət edib. G20-yə 19 dövlət və 2 birlik daxildir. Azərbaycan üzv deyil. Amma ənənəyə görə ev sahibi öz marağına uyğun qeyri-üzvləri dəvət edir. Tramp artıq Qazaxıstan və Özbəkistanı da dəvət edib. Yəni Mərkəzi Asiya və Xəzər regionu ABŞ-nin fokusundadır.

Və Trampın bu dəfəki G20 toplantısı fərqlidir, daha çox biznes yönümlüdür. ABŞ prezidentinin bu toplantıda üç prioriteti var və hər üçündə Azərbaycan yer alır. Atlantada dünən başa çatan G20 Xarici İşlər Nazirləri toplantısında ABŞ Dövlət katibi Marko Rubio açıq dedi ki, bizim prioritetimiz naviqasiya azadlığıdır. Dünyada neftin qiyməti qalxıb, İran-İsrail-ABŞ və Rusiya-Ukrayna müharibəsi hələ davam edir. Azərbaycan nefti və qazı Rusiyadan asılı olmayan alternativdir. TAP, TANAP artıq Avropanı enerji ilə təmin edir. ABŞ-nin Orta dəhlizə "TRIPP" adı ilə qoşulması, Zəngəzur dəhlizini 99 illiyə idarə etməsi Trampın şəxsi layihəsi kimi təqdim edilir. Bu dəhliz Çindən Avropaya yolu Rusiya və İrandan yan keçirir. Bunu Azərbaycansız etmək mümkün deyil. Tramp özünü həm də sülh lideri kimi təqdim edir. Cənubi Qafqazda Azərbaycan-Ermənistan sülh sazişinin Vaşinqtonda paraflanması onun üçün uğur hekayəsidir. O, Bakını müharibəni bitirib ticarətə keçən ölkə kimi dünyaya təqdim etmək istəyir. O ki qaldı Azərbaycanın Orta güc statusuna.

Klassik Qərb üçün orta güc Kanada, Avstraliyadır. Tramp üçün orta güc isə böyük güclərin savaşdığı yerdə problem həll edən ölkədir. Məsələn Rusiya böyük güc kimi problem yaradan, Qazaxıstan, Özbəkistan, Azərbaycan isə orta güc kimi problem həll edən ölkələrdir. Tramp administrasiyası üçün Azərbaycan artıq sadəcə neft ölkəsi deyil. Bakı İsrail və müsəlman dünyası arasında körpü rolunu oynayır. Rusiya və Qərb arasında danışıqlar meydançasıdır. Çin və Qərb arasında tranzit, Orta dəhlizin qapısı Bakıdır.

Ona görə Tramp bu dəvətlə dünyaya deyir ki, G20 artıq yalnız böyük 20-lik deyil, həm də işi görən, problem həll edənlər klubudur. Və Azərbaycan bu kriteriyaya ən uyğun gələn ölkələrdən birncisidir. Bu, Ağ Evin Azərbaycana verdiyi ən yüksək legitimlikdir.

Vaşinqton artıq Bakını regional oyunçu yox, qlobal tənzimləyicilərin ehtiyat skamyasında oturan orta güc kimi görür.

Şöhrət El-Dəniz

visiontv.az