Bu sözləri Pakistan ordusunun komandanı, general Asim Münir 27 aprel 2023-cü ildə Pekində Çinin yüksək vəzifəli rəsmisi Van Yi ilə görüşündə söyləyib. Əslində, bu ifadə Pakistan–Çin münasibətlərinin çoxdan formalaşmış diplomatik şüarıdır. Hələ 2013-cü ildə Pakistanın baş naziri Nəvaz Şərif də eyni sözləri işlətmişdi.
Bu, sadəcə gözəl diplomatik ifadə deyil. Arxasında böyük geosiyasi maraqlar dayanır.
Pakistan üçün Çin əvəzolunmaz strateji tərəfdaşdır. Pekin İslamabadı müasir silahlarla təmin edir, milyardlarla dollarlıq infrastruktur layihələrinə sərmayə qoyur və beynəlxalq siyasətdə ona mühüm dəstək verir.
Bu münasibətlərin mərkəzində isə Hindistan dayanır. Pakistanla Hindistan Kəşmir uğrunda onilliklərdir qarşıdurma yaşayır. Çinlə Hindistan arasında da sərhəd mübahisələri və Asiyada nüfuz rəqabəti mövcuddur.
Çin Pakistanla, ABŞ isə Hindistanla strateji əməkdaşlığını gücləndirir. Pekin üçün Pakistan Hindistan qarşısında mühüm tərəfdaşdır. Vaşinqton üçünsə Hindistan Çinin Asiyada artan təsirini tarazlaşdırmaq baxımından əhəmiyyət daşıyır.
Bu rəqabətin hərbi tərəfi 2025-ci ilin mayında Pakistanla Hindistan arasında baş verən silahlı toqquşmalarda açıq göründü.
Bu hadisə Çin hərbi texnologiyasının imkanları haqqında beynəlxalq müzakirələrə səbəb oldu. Pakistan müəyyən hava döyüşlərində ciddi texniki və taktiki imkan nümayiş etdirdi. Türkiyənin də Pakistana siyasi və hərbi dəstəyi vardı.
Beləliklə, Asiyada yeni strateji rəqabətin konturları görünür: bir tərəfdə Çin–Pakistan, digər tərəfdə ABŞ–Hindistan əməkdaşlığı. Çinlə ABŞ arasında qarşıdurma dərinləşərsə, bu tərəfdaşlıqların əhəmiyyəti daha da arta bilər.
Amma bu, hələ iki sərt hərbi blokun yaranması demək deyil. Hindistan Rusiya ilə əlaqələrini saxlayır, ABŞ Pakistanla əməkdaşlıq edir, Çin isə regionda genişmiqyaslı müharibədən çəkinmək üçün diplomatiyadan da yararlanır.
Dünyanın böyük gücləri dostluq və düşmənçiliklərini romantik hisslərlə deyil, ilk növbədə strateji maraqlarla müəyyənləşdirirlər.
Pakistan–Çin münasibətlərinin Himalaylardan yüksək, okeanlardan dərin və baldan şirin olmasının arxasında da məhz bu reallıq dayanır…
Elbəyi Həsənli
visiontv.az