Hesablama Palatasından 2027-ci ilin büdcəsi ilə bağlı irad
04.11.2026

"Peşəkar fiskal idarəetmədə cari xərclərin artım tempi qeyri-neft gəlirlərinin artım tempi və inflyasiya ilə müqayisə olunur".

Bu fikirləri Hesablama Palatasının sədri  Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, büdcə zərfinə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri-neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır:

"Hesab edirik ki, bu, makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından mühüm indikatordur və təqdirəlayiq hədəfdir. Eyni zamanda, əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, bu məqsəd üçün əsas hədəf göstəriciləri olan cari xərclər və qeyri-neft gəlirlərinin, yaxud daha geniş anlayışla ifadə etsək, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik. Məsələn, qanunvericiliyin tələbləri əsasında hesablamalarımıza görə, qeyri-neft sektoru üzrə təmin olunmalı gəlirlərin dəqiqləşdirilməsinə zərurət var".

Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt dəyəri ilə respublikadaxili müəssisədə topdansatış qiyməti arasındakı fərqdən büdcəyə yığımlar 98 milyon manat məbləğində nəzərdə tutulur:

"İzahata əsasən, bu məbləğ dövlət büdcəsinin neft-qaz gəlirlərinə aid edilir. Lakin "Büdcə sistemi haqqında" Qanuna əsasən, dövlət büdcəsinin neft-qaz gəlirlərinə  ARDNŞ-nin ödədiyi vergilər daxil edilir. Yuxarıda qeyd olunan mənbə isə vergi ödənişi deyil".

visiontv.az