Pakistan türk dövləti deyil və pakistanlıların böyük əksəriyyəti etnik türk deyil. Amma bugünkü Pakistanın tarixində türk və Mərkəzi Asiya mənşəli siyasi-mədəni təsir çox dərindir.
Bu tarix Baburlarla başlamır.
XI əsrdə Qəznəvilər indiki Pakistan ərazilərinin böyük hissəsində hakimiyyət qurmuşdular. Daha sonra Dehli sultanlığının türk mənşəli sülalələri Hindistan yarımadasının siyasi tarixində mühüm rol oynadılar.
Amma ən böyük iz, şübhəsiz, Zəhirəddin Məhəmməd Baburla bağlıdır.
Babur Əmir Teymurun nəslindən idi, Fərqanədən gəlmişdi və ana dili Çağatay türkcəsi idi. Məşhur “Baburnamə”ni də əsasən bu türk ədəbi dilində yazmışdı.
1526-cı ildə Hindistanda qurduğu Baburlar imperiyası müxtəlif mərhələlərdən keçərək 1857-ci ilə qədər — üç əsrdən artıq yaşadı.
Baburlar sayca az idilər. Ona görə Hindistanı etnik baxımdan türkləşdirmədilər. Əvəzində çox maraqlı bir sintez yarandı:
Mərkəzi Asiya-türk dövlətçilik ənənəsi, fars saray mədəniyyəti və Hindistanın yerli mədəniyyəti.
Bu sintezin izlərini bu gün də görmək mümkündür.
Dünyanın ən məşhur memarlıq abidələrindən biri — Tac Mahal — Babur hökmdarı Şah Cahanın dövründə yaradılmış həmin mədəniyyətin zirvəsidir.
Eyni memarlıq irsi bugünkü Pakistanda, xüsusilə Lahorda çox güclüdür: Lahor qalası, Şalimar bağları, Badşahi məscidi və başqa möhtəşəm abidələr Babur dövrünün canlı izləridir.
Hətta Pakistanın milli dilinin adı — urdu — türk mənşəli “ordu” sözündən gəlir.
Amma urdu türk dili deyil. Hind-ari dilidir; qrammatik əsası yerlidir, lüğətində fars və ərəb təsiri xüsusilə böyükdür, türk mənşəli sözlər də mövcuddur.
Türkiyə ilə Pakistan arasındakı tarixi bağ isə Baburlarla bitmir.
XX əsrin əvvəllərində Britaniya Hindistanının müsəlmanları Osmanlı imperiyasının ağır günlərində ona böyük rəğbət göstərirdilər. Balkan müharibələri və Birinci Dünya müharibəsi dövründə Osmanlıya yardım kampaniyaları təşkil edildi.
Osmanlı xilafətinin taleyi təhlükəyə düşəndə isə Hindistan müsəlmanları Xilafət hərəkatını — Khilafat Movement yaratdılar.
1919–1924-cü illərdə davam edən bu hərəkatın əsas simalarından Məhəmməd Əli və Şövkət Əli qardaşları Osmanlı xilafətinin qorunmasını tələb edirdilər.
Həmin Hindistan müsəlmanlarının bir hissəsi sonradan 1947-ci ildə yaradılan Pakistanın siyasi və ictimai bazasının tərkibinə daxil oldu.
Ona görə bugünkü Türkiyə–Pakistan yaxınlığını yalnız müasir geosiyasətlə izah etmək kifayət deyil.
Bu münasibətin arxasında əsrlərin tarixi yaddaşı dayanır.
Qəznəvilər…
Türk sülalələrinin idarə etdiyi Dehli sultanlığı…
Babur və onun üç əsrlik imperiyası…
Urdu dilində qalan “ordu” sözü…
Lahordakı Babur memarlığı…
XX əsrdə Hindistan müsəlmanlarının Osmanlıya dəstəyi və Xilafət hərəkatı…
Və bu gün Türkiyə–Pakistan yaxınlığı.
Pakistan türk dövləti deyil. Amma onun tarixində türk izi təsadüfi epizod deyil — əsrlərlə davam edən böyük tarixi qatdır.
Elbəyi Həsənli
visiontv.az