AI slop və ya internet niyə süni intellekt zibilliyi ilə dolur?
14.08.2026

Son vaxtlar yəqin siz də görürsünüz, internetdə qəribə AI videoları, şəkilləri həddindən artıq çoxalıb. Girirsən Facebooka, bir nənə betondan Lamborghini düzəldib. Bir az aşağı düşürsən, pişik restoranda kabab çəkir. Altında da 40 min adam şərh yazıb.

Bunun adı süni intellekt palçığı imiş (Aİ slop).

Ən gülməlisi də “slop” sözünün özüdür. İngiliscədə yemək qalıqlarından hazırlanan qarışığa, xüsusilə donuzlara verilən duru yemə də slop deyirlər. Yəni internet termini kimi tərcüməsi aşağı-yuxarı “süni intellekt palçığı” çıxır.

Məsələnin elmi tərəfi isə sadədir. Süni intellekt kontent hazırlamağın xərcini demək olar sıfıra yaxınlaşdırıb. Bir nəfər bir gündə yüzlərlə şəkil, mətn, video hazırlayıb internetə tökə bilir. Alqoritm də baxmır bunu Rembrandt çəkib, yoxsa Əli dayı telefonda iki dəqiqəyə düzəldib. İnsanlar klikləyirsə, göstərməyə davam edir.

Beləcə internetdə məlumat çoxalır, keyfiyyət isə onunla ayaqlaşmır.

Bir vaxtlar internetə məlumat tapmağa girirdik. Deyəsən bundan sonra əsas işimiz məlumatın içindən məlumat tapmaq olacaq.

Neandertal

visiontv.az