Osmanlı tarixindən gələn məşhur bir rəvayət var
05.10.2026

Deyilənə görə, gələcək Fateh Sultan Mehmet uşaq vaxtı müəlliminə qulaq asmır, atasının sultan olmasına arxalanırmış. Müəllim vəziyyəti Sultan II Murada danışır.

Sultan müəllimlə bir plan qurur.

Dərs zamanı qapını döymədən otağa girəcək, müəllim isə buna görə sultanın üzünə şillə vuracaq.

Belə də olur.

Sultan otağa icazəsiz daxil olur. Müəllim onu danlayır və şillə vurur. Sultan üzr istəyib otaqdan çıxır, sonra qapını döyərək icazə alıb yenidən içəri daxil olur.

Şahzadə heyrətlə bütün bunlara baxır.

Atasının, böyük bir dövlətin hökmdarının müəllim qarşısında belə davranması ona bir dərs verir: müəllimin qarşısında şahzadə də, sultan da əvvəlcə şagirddir.

Bu, rəvayətdir. Amma içində böyük bir həqiqət var.

Dövlətin gələcəyini yalnız nazirlər, generallar, məmurlar qurmur. Onların hamısını bir vaxtlar parta arxasında oturdub əlifbanı, düşünməyi, oxumağı, yazmağı öyrədən müəllim qurur.

Ona görə müəllimə hörmət yalnız bayram günü gül vermək və gözəl sözlər söyləmək deyil.

Müəllimə hörmət onun əməyinə layiqli qiymət verməkdir.

Azərbaycanda son illərdə müəllim maaşlarında artımlar olsa da, müəllimlərin maddi təminatının daha da yaxşılaşdırılması hələ də ciddi məsələ olaraq qalır.

Müəllim dolanışıq qayğısı ilə yox, yetişdirdiyi uşağın gələcəyi ilə yaşamalıdır.

Bir ölkənin müəllimi yoxsuldursa, həmin ölkənin gələcəyi zəngin ola bilməz.

Müəllim sultandan da uca tutulduğu zaman cəmiyyət müəllimin əsl qiymətini anlayır.

Bütün müəllimlərimizin bayramı mübarək.

Elbəyi Həsənli

visiontv.az