'Onu Kiyevə dəvət edə bilərəm, gəlsin'
31.01.2026

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya dəvət olunmasına cavab verib.

"Əlbəttə, Putinlə Moskvada görüşməyim mümkün deyil. Bu, Putinin Kiyevdə mənimlə görüşməsi ilə eynidir. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin", – Zelenski deyib. O, daha öncə də dəfələrlə deyib ki, müharibənin bitməsinə köməyi dəyərsə, Rusiya prezidenti ilə görüşməyə hazırdır.

Yanvarın 29-da Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Ukrayna prezidenti Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər, onun təhlükəsizliyinə zəmanət veriləcək.

Sülh danışıqlarına vasitəçilik edən ABŞ də prezident Donald Trampın iştirakı ilə liderlərin üçtərəfli görüşünün mümkün olduğunu bəyan edib. Amma son vaxtlar bu haqda söhbət getmir.

Zelenski onu da vurğulayıb ki, Əbu-Dabidə üçtərəfli danışıqlarda enerji sahəsində atəşkəslə bağlı birbaşa razılaşmalar əldə olunmayıb. Dediyinə görə, Rusiya Ukraynanın enerji obyektlərinə hücum etməzsə, Ukrayna da Rusiyanın enerji infrastrukturuna zərbələr endirməyə bilər.

"The Financial Times"ın jurnalisti Kristofer Miller Kiyevdəki mənbələrə istinadla yazıb ki, Ukrayna tərəfi Rusiyadan heç bir siqnal almayıb, enerji sahəsində atəşkəsin gerçəkdən alınacağına əmin deyil.

Tramp: Putin Ukraynaya hava zərbələrinə bir həftə ara verməyə razılaşıb

ABŞ prezidenti Donald Tramp deyir ki, soyuq havada rusiyalı həmkarı Vladimir Putindən Kiyevə və digər şəhərlərə bir həftə atəş açmamağı xahiş edib.

"Heç vaxt indiki kimi soyuq olmayıb. Şəxsən prezident Putindən Kiyevə və digər şəhərlərə bir həftə atəş açmamağı xahiş etdim, razılaşdı", – Tramp deyib.

Kreml hələlik bu informasiyanı təsdiqləməyib. Ukrayna prezidenti Volodimir Zelenski isə Trampın bəyanatını alqışlayıb. O, həmin məsələnin ötən həftəsonu BƏƏ-də üçtərəfli danışıqlarda müzakirə olunduğunu deyib.

"Razılaşmaların icra olunmasını gözləyirik. Deeskalasiya addımları müharibəni bitirmək üçün real proqresə töhfə verir", – Zelenski X-də yazıb.

Yanvarda Ukraynada havanın temperatur mənfi 20 dərəcəyədək düşüb. Rusiyanın hava zərbələri isə ölkə boyunca istilik və elektrik infrastrukturuna ağır zərbə vurub.

Yanvarın 29-da Kiyevdə 400-dən çox yaşayış binasının istiliksiz qaldığı bildirilir. Digər vilayətlərdə də enerji verilişində fasilə yaranıb.

Həmin gün Rusiyanın çoxsaylı hücumlarından Ukraynada azı 6 nəfər həlak olub.

Fevralın 1-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında danışıqların yeni raundu gözlənilir.

visiontv.az