O, Seyidzadələr nəslinin tanınmış simalarından biridir...
O, Seyidzadələr nəslinin tanınmış simalarından biridir...
25.10.2023 Adıgözəl Məmmədov Tərəfindən

Bu gün tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin doğum günüdür.

Dilarə xanım, xalqının həm ictimai siyasi  fikrinin formalaşmasında, həm də mədəniyyətinin inkişafında ölçüyəgəlməz xidmətlər göstərmiş böyük bir nəslin nümayəndəsidir. O, Seyidzadələr nəslinin tanınmış  simalarından  biri  “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmiş Bağır Mirqasım oğlu Seyidzadənin qızıdır.

Ümumilikdə  Seyidzadələr nəslinin ulu babası  Seyidməmməd  əzəli-əbədi yurd yerimiz İrəvanın  sayılıb-seçilən kişisi, ağır seyid ocağı olmuşdur. Xalq arasında Seyidməmməd loğmanlığı, nurluluğu ilə məşhurluq qazanmışdı. O, müxtəlif müalicəvi bitkilərlə insanları müalicə edərək, o dövrün tanınmış xalq təbibi kimi bütün İrəvanda  böyük nüfuza və hörmətə sahib olmuşdu. Ona görə də dövrün insanları onu ehtiramla Seyid həkim çağırırdılar. Çox təəssüf ki, Seyidməmməd 1870-ci ildə 40 yaşında dünyasını dəyişir. Özündən sonra isə dörd övladı qalır. Seyidməmməd kişinin iki oğlu - Mirqasım və Mirəli, ailənin yüklərini öz üzərlərinə götürərək  çox gənc yaşlarından ticarətlə məşğul olmağa başlayır, sonradan işlərini genişləndirərək İrəvan şəhərinə köçürlər.

Dövrümüzün tanınmış ictimai siyasi xadimi Dilarə Seyidzadənin (Seyidməmmədin nəticəsi-A.M) xatirələrinə istinad etsək, onların bir ümumi evi vardı. Sovet dövrü gəldikdə bu mülk müsadirə olunur və İrəvan şəhərində bu mülkdə böyük bir uşaq bağçası təşkil edilir. Çox təəssüf ki, 1918-ci ildə azərbaycanlılara qarşı erməni millətçilərinin hücumları təşkil olunduqdan sonra bu iki qardaş İrəvanı tərk etmək məcburiyyətində qalırlar. Biz bu kitabda, həmçinin, bu nəslin tanınmış digər simalarından  biri olmuş, Azərbaycan KP Mərkəzi Komitəsinin ikinci katibi işləmiş, Azərbaycan tarixinin bir çox gizli məqamlarının iştirakçısı olmuş Mirhəsən Mirəli oğlu Seyidovun “Tam məxfi-Mirhəsən Seyidov, xatirələr” əlyaznasına da istinad edəcəyik. Əlimizdə olan və çap olunmayan bu  materialdan yetərincə yararlanmağa çalışacağıq. Beləliklə,  Mirhəsən Seyidov yazırdı: “1910-cu ildə mən barlı-bağatlı, qırxbulaq kimi içməli bulaq suları olan İrəvan şəhərində anadan olmuşam. Ancaq doğum şəhadətnaməsini səhvən 1906-cı ilə yazmışdılar.1918-ci ildə İrəvanda körpü bulaq məhəlləsində 1-ci sinfə getmişəm. Vəziyyət getdikcə gərginləşirdi. Novruz bayramı günü Türkiyədən gələn ermənilər qırğın törətmək istəyirdi.Artıq mənə evdən dərsə getməyə icazə vermirdilər. 
1918-ci ilin mart ayında daşnaklar bacım Səriyyənin körpə uşağını və yoldaşını gülləbaran edib öldürdülər (əslində  Səriyyə Mirhəsən Seyidovun bibisi qızı idi, həyat yoldaşını və nəvəsini daşnaklar qətlə yetirmişdi. Sadəcə, bu nəslin bütün nümayəndələri bir-birlərinə o qədər yaxın idilər ki, onların hər biri  özlərini bir ailə hesab edirdilər-A.M.). Yaranmış vəziyyətlə əlaqədar olaraq, İğdıra, sonra da Qarsa gəldik. Atam Mirəli Qarsda sətəlcəm oldu və orada vəfat etdi”. Ulu Öndər Heydər Əliyevlə bir yerdə işləmiş və onun  ən yaxın silahdaşlarından olmuş  Dilarə Seyidzadə xatırlayır ki, “Heydər Əliyevə  Qars universitetində fəxri doktor adının verilməsi münasibətilə Qars şəhərinə gəlmişdik, mən həmin günlər Qars qəbiristanlığında Mirəli Seyidovun məzarını axtarmaq qərarına gəldim. Bu niyyətimi Heydər Əliyevə dedim, o da öz növbəsində Qars şəhər rəsmilərindən mənə bu baxımdan köməklik göstərilməsini xahiş etdi. Çox qısa müddətdə  mən əmimin məzarın  tapdım və   qəbrinin üstündə yasin oxumaq sevincinə qovuşdum”.
Dilarə xanım, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib. 1961-1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, 1978-1983-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda baş müəllim, 1983-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda baş elmi işçi, aparıcı elmi işçi, 1993-1997-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində böyük məsləhətçi, 1997-1998-ci illərdə Azərbaycan prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəis müavini-Prezidentin köməkçisi vəzifələrində çalışıb.  Azərbaycan Prezidentinin 16 noyabr 1999-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsinə təyin edilib və 2019-cu ilə qədər bu vəzifədə çalışıb.

Dilarə Seyidzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət qulluğunda xidmətlərinə görə 2009-cu ildə  “Şöhrət” ordeni, 2019-cu ildə “Şərəf” ordeni ilə təltif edilmişdir. 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı “Böyük Azərbaycan naminə-Bağır Seyidzadə” kitabının müəllifi Adıgözəl Məmmədov
visiontv.az